Toya həddindən artıq pul xərcləyən cütlüklər əsasən xoşbəxt olmur - ARAŞDIRMA

MARAQLI
18:40 / 23.06.2026
41

3 mindən çox cütlüyün iştirakı ilə aparılan tədqiqat paradoksal nəticə ortaya çıxarıb: toy xərcləri yüksək olduqca boşanma riski də arta bilər.

Hit.az xəbər verir ki, Emori Universitetinin iqtisadçıları 2014-cü ildə 3000-dən çox evli şəxsi sorğuya cəlb edərək məşhur bir iddianı yoxlayıblar: “nə qədər çox xərclənirsə, evlilik bir o qədər möhkəm olur”.

Nəticələr bu fikri təsdiqləməyib. 20 000 ABŞ dollarından çox toy xərcləyən cütlüklərin boşanma ehtimalı 5 000–10 000 dollar aralığında xərcləyənlərə nisbətən 1,6 dəfə daha yüksək olub. Ən aşağı boşanma göstəricisi isə 1 000 dollardan az xərcləyən cütlüklərdə qeydə alınıb.

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatlarına əsasən, ümumi boşanma səviyyəsi 41 faizə yaxın olub və son illərdə cüzi azalma müşahidə edilib.

Araşdırmada həmçinin qeyd olunur ki, qadınlar boşanma prosesini daha çox təşəbbüs edən tərəfdir və boşanmaların təxminən üçdə ikisini məhz qadınlar başlayır. Sorğuda iştirak edən qadınların 37 faizi toy günü ciddi şübhələr yaşadıqlarını, lakin sosial təzyiq və gözləntilər səbəbindən evliliyə razı olduqlarını bildirib.

Mütəxəssislərə görə, bir çox insan sosial təzyiq, ailə gözləntiləri və “ideal həyat modeli” təsiri altında evliliyə qərar verir. Bu isə bəzən emosional baxımdan hazır olunmayan münasibətlərə gətirib çıxarır.

Məqalədə vurğulanır ki, 25 yaşdan sonra evlənən, ali təhsil alan və maliyyə baxımından daha stabil olan şəxslərdə boşanma riski daha aşağı olur. Bu isə daha çox həyat təcrübəsi və emosional yetkinliklə izah edilir.

Müəllifin fikrincə, toyun həddindən artıq bahalı və təmtəraqlı olması evliliyin uğurunu təmin etmir, əksinə diqqəti münasibətin özündən yayındıra bilər.

Sonda qeyd olunur ki, əgər məqsəd daha dayanıqlı evliliklər qurmaqdırsa, diqqət toyun ölçüsünə deyil, münasibətin keyfiyyətinə yönəldilməlidir.

Samir
 

0