Bu gün tarixin vərəqlərində 1 iyuldayıq.
Hit.az xəbər verir ki, bu gün Azərbaycanda Bakılılar Günüdür.
Dünyada isə 1 iyul fərqli günlər kimi qeyd olunur. Məsələn, Burundi, Ruanda və Somalidə Müstəqillik Günü, Paksitanda isə Uşaqlar Günüdür. Eyni zamanda, bu tarixdə bir sıra mühüm hadisələr baş verib, çox sayda görkəmli şəxslər doğulub və ya vəfat edib. Beləliklə, tarixin 1 iyuluna nəzər salırıq...
1 iyulda baş verənlər:
1996-cı ildə Azərbaycan və İrlandiya, 1998-ci ildə isə Azərbaycanla Tunis arasında diplomatik əlaqələr qurulub.
1903-cü ildə ilk dəfə “Tur de Frans” velosiped yarışı keçirilib. 1904-cü ildə III Yay Olimpiya Oyunları Sent-Luisdə təşkil olunub. 1908-ci ildə SOS beynəlxalq təhlükə siqnalı kimi qəbul edilib. 1991-ci ildə Varşava müqaviləsi Praqada keçirilən iclasda rəsmən ləğv olunub. 2002-ci ildə Beynəlxalq Cinayət Məhkəməsi fərdləri soyqırım, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və təcavüz cinayətlərinə görə mühakimə etmək üçün yaradılıb. 2012-ci ildə İspaniya milli futbol komandası UEFA Avropa Çempionatını qazanıb.
1 iyulda doğulanlar:
1989-cu ildə Quru qoşunlarının kapitanı, Vətən müharibəsi şəhidi Elçin Tağıyev, 1893-cü ildə Xalq rəssamı və heykəltaraş Pinxos Sabsay, 1944-cü ildə Xalq artisti, aktrisa Lətifə Əliyeva və 1997-ci ildə futbolçu Mahir Emreli dünyaya gəlib.
Həmçinin, 1961-ci ildə Böyük Britaniya şahzadəsi Diana, 1967-ci ildə amerikalı aktrisa Pamela Anderson, 1972-ci ildə Gürcüstan dövlət xadimi David Bakradze, 1976-cı ildə niderlandlı futbolçusu və baş məşqçisi Patrik Klüvert və 1992-ci ildə türkiyəli aktrisa Serenay Sarıkaya doğulub.
1 iyulda vəfat edənlər:
1994-cü ildə Milli Qəhrəman Asif Məhərrəmov Birinci Qarabağ müharibəsi zamanı şəhid olub.
1987-ci ildə Əməkdar rəssam Tələt Şıxəliyev, 1993-cü ildə dövlət xadimi Şamil Rasizadə və 2019-cu ildə səs rejissoru Ələkbər Həsənzadə dünyasını dəyişib.
Həmçinin, 1974-cü ildə Argentina prezidenti Xuan Dominqo Peron, 2004-cü ildə amerikalı aktyor Marlon Brando, 2009-cu ildə rus müğənni Lüdmila Zıkina və 2021-ci ildə türkiyəli aktyor, rejissor Kartal Tibet vəfat edib.
Pərviz


