İnsanların daim gülümsəməyə və müsbət emosiyalar nümayiş etdirməyə məcbur edilməsi əhval-ruhiyyəyə mənfi təsir göstərə bilər. Xüsusilə bu davranışın arxasında cəza və ya maddi itki qorxusu dayanırsa, mənfi təsir daha da güclənir.
HİT.az xəbər verir ki, bu qənaətə ABŞ-ın Florida Universitetinin psixoloqu Nikolas Koulsun rəhbərlik etdiyi tədqiqatçılar gəlib. Araşdırmanın nəticələri “Journal of Experimental Social Psychology” elmi jurnalında dərc olunub.
Tədqiqat çərçivəsində 1174 nəfərin iştirak etdiyi onlayn eksperimentin nəticələri təhlil edilib. İştirakçılara xoş və xoşagəlməz şəkillər göstərilib. Onlardan ya qəsdən gülümsəmək, ya da üz ifadələrinin təbii şəkildə dəyişməsinə imkan vermək istənilib. Təcrübə bəzi iştirakçılar üçün bir dəfə, digərləri üçün isə 10 dəfə təkrarlanıb.
İştirakçıların yarısına tapşırığa əməl etməyəcəkləri təqdirdə vəd edilən 6 dolların 2 dollarını itirə biləcəkləri bildirilib. Əslində isə sonda hər kəsə tam məbləğ ödənilib. Bununla belə, mümkün itki təhlükəsi iştirakçılar üzərində psixoloji təzyiq yaradıb.
Nəticələr göstərib ki, xoşagəlməz şəkillərə baxarkən bir dəfə qəsdən gülümsəmək insanların xoşbəxtlik hissini cüzi artıra bilər. Lakin bu davranış təkrarlandıqda təsir zəifləyib, maddi itki təhlükəsi olduqda isə tamamilə aradan qalxıb.
Xoş görüntülərə baxan iştirakçılarda isə fərqli nəticələr qeydə alınıb. Belə ki, təkrar məcburi gülümsəmə və psixoloji təzyiq təbii reaksiyalarla müqayisədə xoşbəxtlik hissini azaldıb. İştirakçılar eyni zamanda daha çox qıcıqlanma və qəzəb hiss etdiklərini bildiriblər.
Alimlər hesab edirlər ki, araşdırmanın nəticələri insanlardan daim mehriban və gülərüz görünmələrinin tələb edilməsinin emosional baxımdan yorucu ola biləcəyini göstərir.
Samir


