“Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır. Vahid Media və Yayım Şurasının yaradılması media idarəçiliyinin yeni mərhələsinə keçidi kimi dəyərləndirə bilərik”.
Hit.az xəbər verir ki, bu sözləri Mətbuat Şurasının İdarə Heyətinin üzvü Yeganə Hacıyeva “Facebook” hesabında yazıb.
O bildirib ki, ənənəvi media sərhədləri faktiki olaraq aradan qalxıb:
“Əvvəllər televiziya, radio, çap və internet mediası ayrı-ayrı sahələr hesab olunurdu. Hazırda bütün bu platformalar vahid informasiya ekosistemində fəaliyyət göstərir. Televiziya kanalları rəqəmsal yayım həyata keçirir, xəbər portalları video kontent istehsal edir, sosial media isə hər ikisinin klassik və rəqəmsal medianın funksiyalarını öz üzərinə götürüb. Belə şəraitdə müxtəlif media seqmentlərinin ayrı-ayrı qurumlar tərəfindən idarə olunması ən azı effektiv deyil”.
Ekspert vurğulayıb ki, vahid tənzimləyici institut media siyasətinin daha sistemli həyata keçirilməsinə imkan yarada bilər:
“Hazırda media sektorunda dövlət siyasətinin formalaşdırılması, dəstək mexanizmlərinin tətbiqi və tənzimləmə funksiyaları müxtəlif strukturlar arasında bölünüb. Bu isə çox hallarda səlahiyyətlərin toqquşması, qərarların qəbulunda vaxt itkisi və resursların təkrarlanmasına səbəb olur. Vahid qurum isə qərarvermə prosesini sürətləndirə, idarəetmə xərclərini azalda və dövlət resurslarının daha səmərəli istifadəsini təmin edə bilər.
Rəqəmsal transformasiya dövründə informasiya təhlükəsizliyi medianın inkişafı, peşəkar jurnalistikanın təşviqi, audiovizual məkanın tənzimlənməsi məsələləri ilə sıx bağlıdır. Əlbəttə, yeni media modelinin uğuru təkcə institusional yenidənqurma və ya struktur dəyişikliklərinin miqyası ilə ölçülməyəcək”.
Yeganə Hacıyeva qeyd edib ki, bu prosesin real nəticələri ilk növbədə yeni kommunikasiya ekosisteminin mahiyyətini, rəqəmsal transformasiyanın təbəqələrini və cari və dövrü media istehlakının dəyişən dinamikasını dərindən anlayan peşəkar insan kapitalının formalaşdırılmasından birbaşa asılı olacaq:
“Söhbət yalnız nəzəri biliklərə malik idarəçilərdən deyil, qlobal media transformasiyalarını praktik müstəvidə müşahidə edə bilən, rəqəmsal medianın iş prinsiplərini, texnoloji çağırışlarını və gələcək inkişaf trayektoriyalarını idarəetmə qərarlarına çevirmək qabiliyyətinə malik şəxslərdən gedir.
Çünki yeni media arxitekturasının effektivliyi qəbul edilən qərarların sayında deyil, həmin qərarların zamanın tələblərinə nə dərəcədə adekvat cavab verməsində özünü göstərəcək. Bu baxımdan, qarşıdakı mərhələnin taleyi strukturun adından və ya təşkilati formasından daha çox, onun daxilində cəmləşəcək intellektual potensialın səviyyəsindən və strateji baxışın keyfiyyətindən asılı olacaq. Bir sözlə, uğurlar!”

