Mətbuat Şurası Azərbaycan Teleradiosunun 100 illik yubileyini TƏBRİK ETDİ

MEDİA
13:50 / 06.11.2026
82

Azərbaycan Mətbuat Şurası Azərbaycan Teleradiosunun 100 illik yubileyi münasibətilə təbrik bəyanatı yayıb.

Hit.az həmin bəyanatı təqdim edir:

"Azərbaycan Radiosu bir əsrlik fəaliyyəti ilə bütöv teleradio məkanımızın formalaşmasında baza rolunu oynamaqla, milli jurnalistikamızın tarixində özünəməxsus yer tutmuş, xalqımızın ictimai-siyasi, mədəni və mənəvi həyatının salnaməsinə əvəzsiz töhfələr vermişdi. O, yalnız informasiya vasitəsi kimi deyil, həm də milli yaddaşın qorunması, ana dilimizin, ədəbiyyatımızın, musiqimizin və mənəvi dəyərlərimizin təbliği baxımından müstəsna missiya yerinə yetirmiş, tarixin mühüm hadisələrinə şahidlik etmiş, xalqımızın sevincini, kədərini, mübarizəsini və qələbə əzmini özündə yaşatmışdır.

Mürəkkəb tarixi mərhələlərdən keçmiş Azərbaycan Teleradiosu taleyüklü məqamlarda milli həmrəyliyin möhkəmləndirilməsi, vətənpərvərlik ruhunun yüksəldilməsi və ictimai düşüncənin səfərbər olunması baxımından bənzərsiz tribuna rolunu oynamışdır. Onun çağırışları zaman-zaman xalqımızın mənəvi birliyinin ifadəsinə çevrilmiş, milli kimliyimizin və dövlətçilik düşüncəmizin möhkəmlənməsinə xidmət etmişdir.

Yüz illik fəaliyyət həm də peşəkar jurnalistika məktəbinin formalaşması və inkişafı tarixidir. Bu məktəbin yetirmələri sözə məsuliyyət, peşəyə sədaqət, dinləyiciyə hörmət prinsiplərini rəhbər tutaraq milli media mühitinin zənginləşməsində mühüm rol oynamışlar. Rəqəmsal texnologiyaların informasiya məkanını sürətlə dəyişdirdiyi, media rəqabətinin yeni məzmun və forma qazandığı zamanda zəngin ənənələri qoruyaraq müasir tələblərə uyğun fəaliyyət göstərmək isə xüsusi əhəmiyyət daşıyır.

İnanırıq ki, bir əsrlik zəngin təcrübə və möhkəm ənənələrə söykənən Azərbaycan Teleradiosu bundan sonra da milli-mənəvi dəyərlərimizin təbliği, cəmiyyətin maariflənməsi, obyektiv və etibarlı informasiya təminatı istiqamətində uğurla fəaliyyət göstərəcək, xalqımızın yaddaşında və həyatında özünəməxsus yerini qoruyub saxlayacaqdır.

Azərbaycan Mətbuat Şurası olaraq bu əlamətdar yubiley münasibəti ilə Azərbaycan Teleradiosunun inkişafına töhfə vermiş bütün nəsillərin nümayəndələrini, söz və sənət fədailərini ehtiramla yad edir, hazırda bu ənənələri yaşadan kollektivin üzvlərini səmimi qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, yaradıcılıq enerjisi, yeni uğurlar arzulayırıq!"

0