Zəfər Günü – “Xalqımızın gələcəyini dəyişən tarixi hadisədir”

HƏRBİ
11:11 / 06.11.2026
221

“Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfər xalqımızın gələcəyini dəyişən tarixi hadisədir”. 

Bu sözləri Milli Məclisin deputatı Elnarə Akimova Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bu qələbə ilə ölkəmiz işğala son qoymaqla yanaşı, regionda yeni siyasi reallıqlar yaratdı, milli gücünü, dövlətçilik iradəsini və müstəqil siyasət yürütmək əzmini bütün dünyaya nümayiş etdirdi:


“Zəfər uzun illər ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasətinin məntiqi nəticəsi idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi potensialı gücləndirildi, müasir ordu quruculuğu həyata keçirildi, beynəlxalq mövqelərimiz möhkəmləndirildi. Dövlət başçısı işğal problemini milli təhlükəsizlik və suverenlik məsələsi kimi daim diqqət mərkəzində saxlayaraq bütün imkanları bu strateji məqsədə yönəltdi”.

Millət vəkili qeyd edib ki, 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsi həmin siyasətin tarixi nəticəsini ortaya qoydu:
“Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində böyük qəhrəmanlıq nümayiş etdirərək torpaqlarımızı azad etdi. Prezidentin beynəlxalq informasiya müstəvisində apardığı prinsipial mübarizə də Azərbaycanın haqq mövqeyinin dünyaya çatdırılmasında mühüm rol oynadı.

Şuşanın azad edilməsi Zəfərin mənəvi zirvəsinə çevrildi, 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri ilə isə ölkəmizin bütün ərazilərində dövlət suverenliyi tam bərpa olundu”.

Həmsöhbətimiz vurğulayıb ki, bu qələbənin əhəmiyyəti yalnız azad edilmiş torpaqlarla ölçülmür:
“Zəfər Azərbaycanın beynəlxalq mövqelərini gücləndirdi, xalqımızın öz dövlətinə inamını artırdı və ölkənin gələcək inkişafı üçün yeni imkanlar açdı. Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, Böyük Qayıdış proqramı, yaradılan müasir infrastruktur tarixi qələbənin real nəticələridir. Torpaqların azad edilməsi ilə başlayan proses indi həmin ərazilərdə yeni həyatın qurulması ilə davam edir.

Bu tarixi uğurun təməlində Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı dövlətçilik strategiyası və Prezident İlham Əliyevin həmin siyasi xətti uğurla davam etdirməsi dayanır. Heydər Əliyevin yaratdığı möhkəm dövlətçilik təməlləri Azərbaycanın gələcək gücünü formalaşdırdı, İlham Əliyevin siyasi iradəsi isə bu potensialı tarixi Zəfərə çevirdi”.

E.Akimova diqqətə çatdırıb ki, bu qələbənin ən böyük mənəvi dəyəri şəhidlərimizin müqəddəs qanı, qazilərimizin fədakarlığı və Azərbaycan əsgərinin qəhrəmanlığıdır:
“Zəfər Gününü qeyd etmək həm də onların xatirəsini yaşatmaq, şəhid ailələrinə və müharibə iştirakçılarına qayğını daim diqqətdə saxlamaq məsuliyyətidir. Bu gün Azərbaycanın qarşısında duran əsas vəzifə əldə edilmiş tarixi nəticələri davamlı inkişafa, iqtisadi qüdrətə, sosial rifaha və regionda dayanıqlı sülhə çevirməkdir. Azərbaycan artıq öz suverenliyini təmin etmiş, gələcəyini müstəqil şəkildə müəyyənləşdirən qalib dövlətdir.

8 Noyabrın əsas mahiyyəti də məhz budur: Azərbaycan öz tarixinin gedişini dəyişərək milli iradəsini tarixi qələbəyə çevirdi. Prezident İlham Əliyevin rəhbərliyi, Ordumuzun qəhrəmanlığı və xalqımızın birliyi ilə qazanılan bu Zəfər dövlətçilik tariximizin ən parlaq səhifələrindən biri kimi gələcək nəsillərə ötürüləcək”.

Elmir Mustafa

0