Pinqvinlər Antarktidada qarın əriməsini sürətləndirir - Alimlər səbəbini açıqladı

DÜNYA
11:25 / 06.11.2026
35

Antarktidada pinqvinlərin və digər dəniz quşlarının ifrazatı qarın daha sürətlə əriməsinə səbəb ola bilər. Alimlər müəyyən ediblər ki, quşların ifrazatında olan fosfatlar qar yosunlarının inkişafını stimullaşdırır. Bu isə qarın rəngini dəyişərək onun Günəş şüalarını udma qabiliyyətini artırır.

HİT.az xəbər verir ki, bu nəticəyə Antarktida yarımadasının qərb sahillərində qar yosunlarını araşdıran alimlər gəliblər.

Tədqiqat zamanı məlum olub ki, pinqvin koloniyalarının yerləşdiyi ərazilərdə qarın tərkibində fosfatların miqdarı daha yüksəkdir. Bu maddələr təbii gübrə rolunu oynayaraq yaşıl qar yosunlarının sürətlə çoxalmasına şərait yaradır.

Yosunların artması nəticəsində qarın səthi ağ rəngini itirərək yaşıl çalara çevrilir. Beləliklə, qar Günəş şüalarını əvvəlki kimi əks etdirmir, daha çox enerji udur və isinərək daha sürətlə əriməyə başlayır.

Əvvəlki ölçmələr də bu təsiri təsdiqləyib. Məlum olub ki, qırmızı yosunlarla örtülmüş qar adi ağ qarla müqayisədə təxminən 20 faiz, yaşıl yosunlu qar isə 40 faiz daha çox Günəş enerjisi udur.

Tədqiqatın rəhbəri, Kolorado Universitetinin alimlərindən Əliya Xanın sözlərinə görə, pinqvinlərin ifrazatı yaşıl qar yosunlarının intensiv inkişafına təkan verən gübrə funksiyasını yerinə yetirir.

Alimlər xəbərdarlıq edirlər ki, temperaturun yüksəlməsi ilə yosunlar Antarktidanın yeni ərazilərinə yayıla bilər. Bu proses isə qarın əriməsini daha da sürətləndirərək bölgədəki iqlim dəyişikliklərinə əlavə təsir göstərə bilər.

Samir

0