TAP kəmərinin tikintisi 97% yekunlaşdı

ÖLKƏ
11:52 / 13.08.2020
1003

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik qaz boru kəmərinin (TAP) inşası ilə bağlı işlərin 97%-i yekunlaşıb.

HİT.Az bildirir ki, bu barədə TAP konsorsiumu məlumat yayıb.

Məlumata əsasən, layihənin tikinti mərhələləri müəyyən edilmiş cədvələ uyğun olaraq həyata keçirilir.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

TAP kəmərinin uzunluğu 878 kilometrdir. Bunun 550 kilometri Yunanıstan, 215 kilometri Albaniya ərazisinin, 105 kilometri Adriatik dənizi dibinin, 8 kilometri İtaliya ərazisinin payına düşür. Marşrutun Albaniya ərazisində yerləşən ən hündür nöqtəsi 1 800 metr yüksəklikdə, dəniz dibindəki ən alçaq nöqtəsi 820 metr dəniz səviyyəsindən aşağıdadır.

TAP vasitəsilə Bolqarıstanın qaz ehtiyaclarının 33 faizi, Yunanıstanın 20 faizi, İtaliyanın 10,5 faizinə qədəri ödəniləcək.

TAP-la Azərbaycandan Avropaya ilk qaz bu il nəql ediləcək.

0