Daha 4 rayonda şəhid ailələri evlə təmin olundu - FOTO

ÖLKƏ
21:52 / 08.10.2020
1237

“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları, doğma torpaqlarımızın təcavüzkar Ermənistanın işğalından azad edilməsi istiqamətində zəfərləri şəhid ailələrində və Qarabağ müharibəsi əlillərində də sonsuz fərəh, qürur hissi yaradır. Düşmənə sarsıdıcı zərbələr vurulmaqla şəhidlərimizin qisası alınır”.

HİT.Az xəbər verir ki, bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 4 rayonda 14 fərdi yaşayış evinin (o cümlədən İmişlidə 2, Ağstafada 3, Gədəbəydə 5, Kürdəmirdə 4 ev) təqdim edildiyi şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri vurğulayıblar.

Kürdəmirin Karrar qəsəbəsində evlərin təqdim edilməsi tədbirində Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədr müavini Faiq Ağayev iştirak edib.

Bildirilib ki, ölkəmizdə ümumxalq Qələbə ovqatının yaşandığı, Ordumuzun zəfər xəbərlərinin həyatımıza sevinc bəxş etdiyi bu günlərdə şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin mənzillə təminat proqramı da davam edir. Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan qəhrəman Vətən övladlarının ailələri, bu döyüşlərdə sağlamlığını itirmiş vətəndaşlar Prezident, Ali Baş Komandan İlham Əliyevin yüksək qayğısı ilə əhatə olunublar. Bunun əyani təzahürü kimi, həmin kateqoriyadan olan vətəndaşların mənzillə təminat proqramı da ildən-ilə genişlənir.

Dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Bu gün təqdim edilən fərdi evlər də daxil olmaqla, onlardan artıq 650 mənzil və fərdi ev (o cümlədən 554 mənzil, 96 fərdi ev) verilib. Qalan evlər də ilin sonunadək veriləcək. Ümumilikdə ötən dövrdə şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 8238 mənzil və fərdi ev təqdim edilib.

Şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri yeni evlərlə təmin edilmələrindən razılıqla bəhs edərək, onlara daim diqqət və qayğı göstərən dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər. Onlar vurğulayıblar ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Vətənimizi daim uğurlara, Qələbələrə doğru aparır. İşğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır və cənab Prezidentimizin rəhbərliyi ilə Azərbaycan bu gün özünün zəfərlərlə dolu yeni şərəfli tarixini, qəhrəmanlıq salnaməsini yazır.

0