Qazaxıstan Respublikasının Azərbaycandakı Səfiri Alim Bayel Bakı Beynəlxalq Dəniz Ticarət Limanının (Ələt limanı) Baş Direktoru Eldar Salahov ilə görüş keçirib.
Ələt limanı Azərbaycanın Xəzər dənizində, Bakıdan 70 km cənubda yerləşən əsas müasir dəniz-logistika qovşağıdır. Liman Avropa, Qafqaz, Mərkəzi Asiya və Çini birləşdirən Orta Dəhlizin əsas həlqələrindənbiridir.
Görüş zamanı tərəflər Qazaxıstan-Azərbaycan nəqliyyat-logistika sahəsində əməkdaşlığın cari vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər. Ələt limanı ilə Qazaxıstanın Aktau və Kurık limanları arasında əməkdaşlığın inkişaf etdirilməsi, daşınan yüklərin, o cümlədən konteyner daşımalarının həcminin artırılması, eləcə də birgə infrastruktur layihələrinin həyata keçirilməsi məsələlərinə xüsusi diqqət yetirilib.
Səfir A.Bayel Azərbaycan tərəfinə Qazaxıstanın Kurık limanı – Ələt limanı – Kurık limanı bərə xətti üzrə sərnişin daşımalarının bərpa edilməsi təşəbbüsünə göstərdiyi dəstəyə görə təşəkkür edib. Bərə xəttinin dayandırılmasına qədər Xəzər dənizi vasitəsilə həyata keçirilən sərnişin daşımalarından ildə təxminən 1500 sərnişin istifadə edirdi. Qazaxıstanlı diplomat qarşıdakı dövrdə bu marşrutla səyahət etmək istəyənlərin sayının daha çox olacağına əminliyini ifadə edib. Bərə xəttinin yenidən işə salınmasının iki ölkə arasında sərnişin əlaqələrinin inkişafına təkan verəcək, turizm mübadiləsini gücləndirəcək və Orta Dəhlizin imkanlarını genişləndirəcək.
Öz növbəsində, E.Salahov Bakı limanının Qazaxıstan tərəfdaşları ilə əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduğunu qeyd edib və iki ölkənin liman operatorları, logistika təşkilatları və digər strukturlarının səylərinin əlaqələndirilməsinin vacibliyini vurğulayıb. Sərnişin daşımalarının bərpasına gəlincə, o, bu istiqamətdə işlərin artıq qazaxıstanlı həmkarlarla sıx təmas şəraitində başladığını bildirib.
Səfir A.Bayel həmçinin Azərbaycan tərəfini daha əvvəl tərəflər arasında əldə olunmuş razılaşmaya uyğun olaraq Ələt limanında birgə intermodal terminalın tikintisini sürətləndirməyə çağırıb. E.Salahov sözügedən terminalın tikintisi ilə bağlı cari vəziyyət barədə məlumat verərək bildirib ki, Bakı limanının inkişafının yenilənmiş baş planının hazırlanması başa çatdıqdan sonra qeyd olunan obyektin tikintisi üzrə işlərin başlanması gözlənilir.
Görüşün yekununda tərəflər Qazaxıstan və Azərbaycan arasında nəqliyyat-logistika əlaqələrinin daha da möhkəmləndirilməsinə yönəlmiş birgə layihələrin həyata keçirilməsini dəstəkləməyə və sıx əməkdaşlığı davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.


