Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan www.shusha.today portalının təqdimat mərasimi keçirildi  (FOTOLAR)

ÖLKƏ
12:06 / 06.11.2021
1699

Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan www.shusha.today portalı tarixdən bu günə kimi Şuşa şəhərində baş verən hadisələri dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə ingilis dilində yaradılıb. 

Hit.Az xəbər verir ki, portalın təqdimat mərasimi 5 Noyabr 2021-ci ildə Bakı Kitab Mərkəzində keçirilib. 

Bakı Kitab Mərkəzinin rəhbəri Günel Anarqızı qonaqları salamlayaraq tədbirin Zəfər günü ərəfəsində keçirilməsinin xüsusi önəmini vurğulayıb. Daha sonra tədbirin aparıcısı Emin Musəvi sözü www.shusha.today portalının işçi qrupunun üzvü Zaur Məmmədova verib.
 
Zaur Məmmədov bildirib ki, portalın "Ana səhifəsi” 7 bölmədən ibarətdir:

"Bizim Şuşa” adlı ilk bölmədə şəhərin yarandığı gündən işğal olunduğu günə kimi bütün tarixi, ermənilərin Şuşa şəhərini işğal etməsi, 44 günlük müharibə, Şuşanın işğaldan azad edilməsi və Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin bu münasibətlə xalqa müraciəti yer almışdır. 

"Şuşada erməni vandalizmi” adlı ikinci bölmədə Şuşanın tarixi və mədəni abidələrinə qarşı erməni vandalizmi, Şuşanın Dövlət Tarix-Memarlıq Qoruğu elan edilməsi və bu qoruğun işğaldan sonra dağıdılması, dünya, yerli və ölkə əhəmiyyətli mədəni irs nümunələrinin talan edilməsi, məhv edilmiş mədəni irs nümunərinin siyahısı və həmin abidələrın nə vaxt və kim tərəfindən inşa olunması, ermənilər tərəfindən dağıdılması haqqında məlumatlar göstərilmişdir. 

"Şuşa bu gün” bölməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad olunduqdan sonra Şuşa şəhəri ilə bağlı sərəncamları, Şuşaya səfərləri, Şuşada aparılan yenidənqurma işləri və hər gün Şuşada baş verən yenilikləri özündə əks etdirən Şuşa xəbərləri əks olunmuşdur. Bu bölmə daim yenilənir və Şuşanın quruculuq tarixi addım-addım bu hissədə öz əksini tapacaqdır. 

"Şuşanın qəhrəmanları” bölməsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Konstitusiyanın 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq sərəncamı və Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının siyahısı təqdim olunmuşdur.  
 
"Şuşanın məşhur insanları” bölməsində Şuşada anadan olan, yaşayan, yaradan, Şuşanın tarixində və mədəniyyətinin fomalaşmasında misilsiz rolu olan tarixi şəxsiyyətlər, siyasətçilər, bəstəkarlar, xanəndələr, şairlər, drijorlar, yazıçılar, heykəltəraşlar, tarzənlər haqqında məlumat verilmişdir. 

"Şuşa şəkillərdə və videolarda” bölməsində tarixdən bu günə kimi Şuşa şəhərinin internetdən götürülmüş fotoşəkilləri, videolar bölməsində isə Şuşanın həvəskarlar tərəfindən lentə alınmış video görüntüləri yer almışdır. 

"Xaribülbül” Musiqi Festivalı bölməsində isə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən torpaqlarımız işğaldan azad edildikdən sonra ilk dəfə keçirilən "Xarıbülbül” Musiqi Festivalından fotoşəkillər və festivalın video çəkilişi təqdim olunmuşdur. 

‘Shusha.today’ portalının ana menyusundan əlavə, həmçinin ‘Əlaqəli Resurslar’ hissəsində Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə gələn və keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, hüquqi və siyasi aspektlərini göstərən "Qarabağ 99 sualda” portalına, Xocalı Soyqırımı ilə bağlı gerçəkləri əks etdirən "Khojalytoday.com” portalına, 44 günlük Vətən Müharibəsinin rəsmi xronikasını əks etdirən "44days.info” portalına, Erməni cinayətlərindən bəhs edən "Armeniancrimes.com” resurs bazalarına keçidlər öz əksini tapmışdır.

Tədbirdə iştirak edən qonaqlardan Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Azərbaycanın 1-ci Ombudsmanı Elmira Süleymanova, Xalq yazıçısı Çingiz Abdullayev, xalq artisti Mehriban Zəki Vətən müharibəsindən Zəfər gününə gedən yola baxış edərək, keçilən yolun önəmindən danışdılar. Qonaqlar eyni zamanda Şuşanın Azərbaycan və dünya mədəniyyətində rolundan bəhs etdilər.

8 Noyabr - Zəfər gününə həsr edilən tədbir Xalq artisti Avaz Abdulla, əməkdar artist Murad Hüseynov, Əməkdar artist Fərqanə Qasımova, beynəlxalq müsabiqələr laureatı Pianoçu Səidə Tağızadənin, beynəlxalq müsabiqələr laureatı Azər Zadənin ifaları ilə yekunlaşıb.













www.ann.az

0