Adi "iPhone 17" satışa çıxmasından bir il sonra da "Apple"ın aktual modelləri sırasında daha yeni "iPhone 18 Pro" ilə birlikdə yer alır. İstifadəçilər bu smartfonu çox vaxt məhz uzunmüddətli batareya ömrünə görə seçirlər. Lakin məlum olub ki, "Apple"ın açıqladığı rəsmi göstəricilər real testlərin nəticələri ilə heç də həmişə üst-üstə düşmür.
HİT.az xəbər verir ki, bu barədə "BGR" yazır.
"Apple"ın açıqladığı texniki göstəricilərə görə, "iPhone 17" lokal yaddaşdakı videonu 30 saata qədər, internet üzərindən yayımlanan videonu isə 27 saata qədər göstərə bilir. Bu göstəricilər "iPhone 16"nın müvafiq olaraq 22 və 18 saatlıq nəticələrindən, hətta həmin dövrdə flaqman sayılan "iPhone 16 Pro"nun 27 və 22 saatlıq göstəricilərindən xeyli yüksəkdir.
Müqayisə üçün, bu ilin ən üst səviyyəli modelləri olan "iPhone 17 Pro Max" və "iPhone 18 Pro Max" müvafiq olaraq 39 və 45 saata qədər video nümayiş etdirə bilir.
"Tom's Guide" portalının ekspertləri stress testi keçirib. Ekranın parlaqlığı 150 nit səviyyəsində müəyyən edilib və telefon tamamilə boşalana qədər 5G vasitəsilə internetdə işlədilib. Batareya ömrü üzrə ən yaxşı smartfonlar reytinqinə yalnız ən azı 11 saat 30 dəqiqə işləyə bilən modellər daxil edilir.
"iPhone 17" bu sınağı 12 saat 47 dəqiqəyə başa vurub. Bu, "iPhone 16"nın 12 saat 43 dəqiqəlik və "iPhone 17e"nin 12 saat 35 dəqiqəlik nəticəsindən bir qədər yaxşıdır. Lakin "iPhone 17 Pro"nun 15 saat 32 dəqiqəlik göstəricisindən xeyli geridə qalır.
Wi-Fi, oyun və videoda nəticələr
Wi-Fi vasitəsilə internetdə istifadə zamanı müxtəlif laboratoriyaların nəticələri bir-birindən fərqlənib. "Notebookcheck" yeni modelin 20,1 saat, əvvəlki modelin isə 18,3 saat işlədiyini müəyyənləşdirib. "PhoneArena" isə əks nəticə əldə edib: "iPhone 17" 16 saat 47 dəqiqə işləyib ki, bu da sələfindən bir dəqiqə azdır.
"PhoneArena"nın oyun və yayım üzrə davamlılıq testlərində isə daha maraqlı nəticələr ortaya çıxıb. Sınaqlar zamanı baza "iPhone 16" modeli gözlənilmədən yeni modeli geridə qoyub.
Nəticələr belə olub:
Video izləmə: "iPhone 17" – 7 saat 19 dəqiqə, "iPhone 16" – 7 saat 30 dəqiqə.
3D oyunlar: "iPhone 17" – 9 saat 12 dəqiqə. Bu nəticə "iPhone 16"dan 40 dəqiqə azdır.
Battery Score üzrə ümumi avtonomluq: "iPhone 17" – 6 saat 13 dəqiqə, "iPhone 16" – 6 saat 21 dəqiqə.
Bununla belə, smartfonun aparat təminatı tam gücü ilə yükləndikdə vəziyyət yenidən dəyişir. Qrafikanın ultra parametrlərində və ekranın maksimum parlaqlığında keçirilən ağır PUBG testində "iPhone 17" 4,4 saat işləyib. "iPhone 16" isə 3,6 saatdan sonra fəaliyyətini dayandırıb.
Oxşar dinamika təyyarə rejimində oflayn videonun fasiləsiz nümayiş etdirilməsi zamanı da müşahidə olunub. "Notebookcheck" laboratoriyasının 150 kdl/m² parlaqlıq səviyyəsində keçirdiyi sınaqda "iPhone 17" 29,4 saat, sələfi isə 23,1 saat işləyib.
"ExpertReviews"ın analoji ölçümündə isə VLC pleyerində 170 kdl/m² parlaqlıqla "iPhone 17" 29,2 saat, "iPhone 16" 25,8 saat nəticə göstərib. Bu göstəricilər "Apple"ın rəsmi vədlərinə ən yaxın nəticələr olub.
Yeni "iPhone" modellərinin batareya tutumu
"Apple" daha əvvəl "iPhone 18 Pro" və "iPhone 18 Pro Max" modellərinin batareya tutumunu rəsmi olaraq açıqlayıb. Onların tutumu müvafiq olaraq 4056 və 5391 mAs-dir.
Bu, "iPhone 17 Pro"nun 3988 mAs-lıq batareyasından 1,7 faiz, "iPhone 17 Pro Max"ın 4823 mAs-lıq batareyasından isə 11,7 faiz çoxdur.
Şirkətin məlumatına görə, "iPhone 18 Pro" "17 Pro Max" qədər enerji saxlayır, "iPhone 18 Pro Max" isə 45 saata qədər video nümayiş etdirə bilir.
Samir


