Üç canı ölümdən qurtaran Kərimbəylilər (VİDEO)

ÖLKƏ
16:18 / 13.01.2022
2414

Qan donduran hadisədə qəhrəman kənd sakinləri özləri də bir saat ölümlə mübarizə aparıblar

Bu yaxınlarda Füzuli rayonu Kərimbəyli kəndinin üzərindən eni iyirmi metrə yaxın, dərinliyi on metrdən çox olan iti axan bir suvarma kanalında, az qalsın, böyük bir faciə baş verəcəkmiş. Bir neçə gün əvvəl yaşanmış yol-nəqliyyat hadisəsini deyirəm. Qəfil yoldan çıxaraq Baş Mil suvarma kanalına düşən bir maşının içində olan bir ailənin üç üzvünün yaşadığı dəhşətli faciədən son anda qurtulması barədədir bu yazı. Adını burada çəkmək istəmədiyim bir televiziya kanalı baş vermiş hadisə barədə ötəri bir videoreportaj hazırlayıb, ancaq xəbər jurnalistika prinsiplərinə zidd olaraq çox yanlışlarla ictimailəşdirilib, hətta hadisənin hansı kənddə baş verdiyi barədə bir kəlmə deyilməyib və bu, haqlı narazılığa səbəb olub. Daha bir kobud yanlış, guya həmin ailəni son anda kanaldan Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasedicilərinin çıxarması barədə olub. Ancaq gerçək hal-qaziyə belə olmayıb. Çünki günün günorta çağı FHN-nin xilasedicilərinin həmin ərazidə olması mümkün ola bilməzdi və təəssüf doğuran məqam televiziya jurnalistikasının faktı olduğu kimi yox, araşdırıb-etmədən, tamamən uydurma əsaslarla səsləndirərək efirə verməsidir. İnsanların haqqına girmək ədalətsizlikdir. Faktla bağlı lentə alınmış həvəskar videoda da açıq-aşkar görünür ki, ailəni ölumdən xilas edən Kərimbəyli kənd camaatıdır. 

Ortada qışın oğlan çağında üç canı çox böyük əziyyətlər bahasına, ölümlə çarpışaraq, iti axan kanalın cəngindən alıb son anda xilas edən gerçək qəhrəmanlar varkən, bunu başqalarının adına yazmaq ədalətli olmazdı. Nəzərə alsaq ki, maşında batmaqda olanlar iki qadın və bir uşaqdır, hadisənin dramatikliyi izaholunmaz dərəcədə qorxunc və gərgin olub. Elə buna görə də hadisənin necə baş verdiyini daha detallı dəqiqləşdirdik. Həm də ona görə ki, qoy bütün Azərbaycan xalqı bilsin ki, Füzuli rayonunun Kərimbəyli kəndinin necə qəhrəman oğulları var. Dünyanın bir çox ölkələrində ekstremal vəziyyətlərdə özünü ölüm riskinə atıb insan həyatını xilas edən ürəkli insanlar barədə xəbərlərin, yazıların və videoların milyonların rəğbətini, alqışını qazandığının az şahidi olmamışıq. O zaman iki Qarabağ savaşında on iki şəhid vermiş Kərimbəyli kəndinin bu qəhrəmanlarını da niyə tanımayaq? 

Əvvəlcə, gəlin görək hadisə necə baş verib. Deməli, 09.01.2022-ci il tarixdə, saat 14-15 radələrində Zobucuq qəsəbəsindən işdən qayıdan "Hyundai" markalı maşının önünə qəfil bir it çıxar, avtomobili idarə edən ibtidai sinif müəlliməsi xanım sürücü Aygün İsmayılova iti vurmamaq üçün sükanı sağa-sola oynadar və avtomobil idarəetməni itirərək magistral yolunun kənarı ilə çox iti axan kanala yuvarlanar. Avtomobildə daha iki sərnişin, Peşə Liseyinin direktoru Gülşən İbadova və nəvəsi orta məktəb şagirdi 14 yaşlı Gülay İsmayılova da olub. Xoşbəxtlikdən həmin vaxt Kərimbəyli kənd sakini Mehdi Yusifov at belində kanalın böyrü ilə gedirmiş. Avtomobilin suya doğru getdiyini görən Mehdi dərhal atdan düşüb maşının arxasıyca qaçaraq kanala tullanıb. Maşının içindəki sərnişinlər kömək üçün haray salıblar, bu səsi yenə yaxınlıqda olan Kərimbəyli kənd sakini Hüseyn Muradov eşidib, səs-küy salıb ətrafdan kömək istəyib. Köməyə gələn Kərimbəyli kənd sakinləri Xəqani Quliyev, Şaiq Məmmədov, Mikayıl Əliyev, Elnur Alıyev, Hafiz Misirli, Afiyəddin Məmmədov, Camal Əmənov, Elmin Səlimov, Abbas Abbasov və Babı kənd sakini Elşən Nəcəfov sözün əsl mənasında xüsusi şücaət göstərməklə boğulmaqda olan üç canı və avtomobili xilas etmək ücün düz bir saata yaxın buz kimi suda mübarizə aparıblar. Kanalda suyun təzyiqindən avtomobilin qapısını zorla açan Şaiq Məmmədov və Xəqani Quliyevin sözlərinə görə, su o qədər soyuq olub, bir anlıq hiss ediblər ki, özləri də donurlar. Bu vaxt Hüseyn Muradov görüb ki, maşında bir uşaq da çapalayır və boğulmaq ərəfəsində olduğunu qışqırandan sonra, özlərinə gələn bu canlı qəhrəmanlar bir dəfə də güc toplayaraq içinə su dolmuş avtomobildən 14 yaşlı Gülayı da çıxarmağa müvəffəq olublar. Digər iki sərnişindən fərqli olaraq, daha çox boğulan Gülay, əvvəl özünü çox pis hiss etsə də, xoşbəxtlikdən nəfəsi özünə qayıdıb və ölümün cəngindən qurtulub.  

Hadisəni qismən xırda detalları ilə yazmaqda məqsədim baş verən olayın dramatikliyini və həyatını riskə ataraq üç insanı xilas edən Kərimbəyli kəndinin qəhrəman sakinlərinin ətrafda baş verənlərə biganə, laqeyd olmadığına, insan həyatı üçün canlarından belə kəçməyə hazır olduğuna diqqət çəkməkdir. Çünki son illər az müşahidə etməmişik ki, insanlar bənzəri humanitar hadisələrdə bir-birinə acil yardımı, köməyi, məsələyə müdaxiləni, humanizmi sanki yadırğayıblar, baş verənlərə sadəcə seyrci qalmağı üstün tutar, keçib gedərlər. Haqqında danışdığımız qan donduran son olayda isə Füzuli rayonu Kərimbəyli kəndinin insanları bir daha yaxşı bir örnək, nümunəvi davranış ortaya qoymaqla Azərbaycanda insanlığın hələ ölmədiyini, yaşadığını isbat etdilər. Şəxsən öz adımdan bu qəhrəmanlara tək-tək təşəkkürümü bildirirəm. Hər gün maraqlı xəbər axtaran Azərbaycan TV-kanalları baş vermiş bu olayın canlı qəhrəmanları haqqında reportaj hazırlamaq üçün Kərimbəyli kəndinə ezam olunsalar, pis olmazdı. İki qoyunu parçalayıb yeyən canavarlar, kəndə hücum çəkən ayılar daha çox işıqlandırılır TV ekranlarımızda son vaxtlar. Məncə isə, daha çox ictimailəşdirilən heyvanların həyatından az əhəmiyyətli olmayan insan həyatını xilas edən qəhrəmanları qoy bütün ölkə tanısın. 

Rəşad Babayev 
Füzuli rayonu, Kərimbəyli kəndi

0