KİV: Rusiya ABŞ-da seçkilərə müdaxiləyə hazırlaşır

DÜNYA
16:58 / 19.09.2026
56

Rusiya 2026-cı ilin noyabrında ABŞ-da keçiriləcək Konqres seçkilərinə təsir göstərmək üçün yeni dezinformasiya kampaniyasına hazırlaşır.

HİT.az xəbər verir ki, bu barədə “The New York Times” ABŞ kəşfiyyatının qiymətləndirmələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Avropa və ABŞ-da Rusiya informasiya kampaniyalarını izləyən mütəxəssislər son günlər Moskva ilə əlaqələndirilən hesabların aktivliyini qeydə alıblar. Sözügedən hesabların “X” və “BlueSky” platformalarında iki ayrı dalğa şəklində süni intellekt vasitəsilə hazırlanmış videolar yaydığı bildirilir.

Videoların CNN, BBC və “The New York Times”ın reportajları kimi təqdim edildiyi qeyd olunur. Bu materiallarda Senata namizəd demokrat siyasətçilər korrupsiya, antisemitizm və LGBT hüquqlarını dəstəkləmək kimi iddialarla hədəfə alınıb.

ABŞ rəsmilərini xüsusilə narahat edən məqam süni intellekt texnologiyalarının belə kampaniyaları daha sürətli və daha ucuz həyata keçirməyə imkan verməsidir. Bu texnologiyalar saxta video və digər materialların hazırlanmasını asanlaşdıraraq xarici müdaxilənin miqyasını artırmaq potensialına malikdir.

“The New York Times” Rusiyadan başqa İran və Çinin də ABŞ seçkilərinə təsir göstərməyə çalışa biləcəyini yazır. İranın 2020-ci il prezident seçkiləri zamanı Donald Trampın nüfuzunu zəiflətməyə yönəlmiş təbliğat fəaliyyətində iştirak etdiyi xatırladılır.

Meta şirkətinin ötən ay açıqladığı hesabatda da ABŞ siyasətinə fokuslanan və İrandan idarə olunan kiçik sosial media şəbəkəsi barədə məlumat verilib. Şəbəkədə süni intellektlə hazırlanmış məzmundan istifadə edildiyi və bəzi paylaşımlarda respublikaçılara qarşı mövqelərin əks olunduğu bildirilib.

Çinin də seçki prosesinə təsir imkanlarını araşdırdığı qeyd olunur. Lakin ABŞ rəsmilərinin və ekspertlərin qiymətləndirməsinə görə, Pekinin fəaliyyəti Rusiya və İranla müqayisədə daha məhdud xarakter daşıyır.

Məqalədə vurğulanır ki, ABŞ-da əsas narahatlıq xarici aktorların süni intellektdən istifadə etməklə dezinformasiyanı əvvəlkindən daha geniş və operativ şəkildə yaymaq imkanlarının artmasıdır.

Samir

0