Alimlər Asiyada əsrlərdir istifadə olunan yapon gavalısının yüksək təzyiqin inkişafının qarşısını almaqda potensial rolunu araşdırıblar. İlkin nəticələr meyvədən hazırlanan şirə konsentratının damarların qorunmasına müsbət təsir göstərə biləcəyini ortaya qoyub.
HİT.az xəbər verir ki, “Ryneк Zdrowia”nın məlumatına görə, araşdırma ABŞ-ın Temple Universitetinin Lyuis Katz Tibb Məktəbinin alimləri tərəfindən aparılıb. Tədqiqatçılar yapon gavalısı şirəsi konsentratının ürək-damar sistemi üzərində təsirini öyrənmək üçün təcrübə keçiriblər.
Təcrübə siçanlar üzərində aparılıb. Heyvanların bir qrupuna tərkibində yapon gavalısı konsentratı olan su, digərinə isə adi su verilib. Nəticədə konsentrat qəbul edən siçanlarda hipertoniya inkişaf etməyib.
Alimlərin fikrincə, yapon gavalısından hazırlanan məhsul damarları arterial təzyiqə təsir edən angiotenzin II hormonunun mənfi təsirlərindən qoruya bilər. Bu mexanizmin yüksək təzyiq zamanı damarlarda baş verən dəyişikliklərin qarşısının alınmasında əhəmiyyətli olduğu düşünülür.
Araşdırmanın müəllifi, doktor Satoru Equti bildirib ki, yüksək təzyiq zamanı hüceyrələrdə oksidləşdirici stress artır. Bu proses iltihabın güclənməsinə, damarların sərtləşməsinə və nəticədə daha ciddi ürək-damar problemlərinin yaranmasına səbəb ola bilər.
Mütəxəssislər qeyd edirlər ki, hipertoniya uzun müddət nəzarətsiz qaldıqda damarların zədələnməsi ilə yanaşı, infarkt, insult və ürək çatışmazlığı riskini də artıra bilər.
Bununla belə, yapon gavalısının təsiri ilə bağlı hazırkı nəticələr yalnız heyvanlar üzərində aparılan təcrübəyə əsaslanır. Meyvənin və ya onun konsentratının insanlarda hipertoniya riskini azaltdığını təsdiqləmək üçün əlavə klinik araşdırmalara ehtiyac var. Buna görə bu məhsul həkim tərəfindən təyin olunan təzyiq dərmanlarını əvəz edən vasitə kimi qəbul edilməməlidir.
Samir


