Alimlər çayın isti və soyuq dəmlənməsi zamanı tərkibindəki antioksidantların miqdarını müqayisə ediblər.
HİT.az xəbər verir ki, araşdırmalara görə, isti su ilə dəmlənən çay daha çox antioksidant ehtiva edir. Xüsusilə yaşıl çayda bu fərqin daha nəzərəçarpan olduğu bildirilir. Qaynar su çay yarpaqlarının strukturunu daha aktiv şəkildə parçalayaraq polifenollar, flavanollar və digər faydalı birləşmələrin içkiyə daha çox keçməsinə şərait yaradır.
Mütəxəssislərin istinad etdiyi araşdırmalarda polifenolların damar sağlamlığının dəstəklənməsində, oksidləşdirici streslə mübarizədə və bağırsaq mikrobiotasına müsbət təsirdə rol oynadığı qeyd olunur. İsti çayın əhval-ruhiyyəyə də müsbət təsir göstərə biləcəyi ilə bağlı elmi nəticələr var.
Soyuq çayın isə əsas üstünlüyü dadındadır. Belə çay adətən soyuq və ya otaq temperaturunda suda 8-16 saat ərzində dəmlənir. Bu üsul içkinin daha yumşaq və az acı olmasına imkan verir. Lakin soyuq su çay yarpaqlarındakı faydalı maddələri isti su qədər effektiv çıxarmadığı üçün antioksidantların miqdarı daha aşağı olur.
Bununla belə, bəzi bitki çaylarında fərq o qədər də böyük deyil. Məsələn, soyuq üsulla 8 saat dəmlənmiş rooibos çayının antioksidant səviyyəsinin isti suda 5 dəqiqə dəmlənən variantla təxminən eyni olduğu müəyyən edilib.
Mütəxəssislər çayın faydalı xüsusiyyətlərindən daha çox yararlanmaq üçün onu qaynar su ilə dəmləməyi və şəkər əlavə etməməyi tövsiyə edirlər. Zövqə görə çaya limon və ya süd əlavə etmək də mümkündür.
Samir


