Külək turbinlərinin yaşayış məntəqələrinə yaxın yerləşdirilməsi uzun müddətdir müzakirə olunan məsələlərdən biridir. Yeni araşdırmalar isə bu qurğuların insanlar üçün ciddi təhlükə yaratdığına dair geniş yayılmış narahatlıqları təsdiqləmir.
HİT.az xəbər verir ki, BGR-nin məlumatına görə, 2025-ci ildə ABŞ-ın Kanzas ştatında külək turbininin pərinin sıradan çıxması ilə bağlı araşdırma aparılıb. Hadisə zamanı pərə ildırım düşüb və onun hissələri 700 metrdən uzağa səpələnib. Tədqiqatçılar buna baxmayaraq insanların xəsarət alma ehtimalının aşağı olduğunu müəyyənləşdiriblər. Onların fikrincə, kiçik qalıqlar insanlara ciddi zərər yetirəcək qədər kinetik enerjiyə malik olmayıb.
Alimlər bununla belə təhlükəsizlik baxımından külək turbinləri ilə yaşayış məntəqələri arasında uyğun məsafənin saxlanılmasının vacib olduğunu bildirirlər. 2024-cü ildə ABŞ-ın Ayova ştatında baş vermiş tornado zamanı altı külək turbininin zədələnməsi də gələcək qurğuların layihələndirilməsi zamanı ekstremal hava hadisələrinin nəzərə alınması məsələsini gündəmə gətirib.
Digər araşdırmalarda isə turbinlərdən buz parçalarının atılması və insanların, xüsusilə avtomobil yollarında hərəkət edənlərin mümkün riskləri qiymətləndirilib. Mütəxəssislər bu hallarda konkret ərazinin xüsusiyyətləri və turbinlərin insanlara yaxınlığı nəzərə alınmaqla risk analizinin aparılmasını tövsiyə edirlər.
Hazırda yaşayış məntəqələri ilə külək turbinləri arasında məsafəni bütün ölkə üzrə eyni qaydada müəyyən edən vahid standart mövcud deyil. Bununla belə, bir sıra yerli ərazilərdə turbinlə yaşayış məntəqəsi arasında məsafənin onun hündürlüyünün ən azı 1,1 misli olması tələb edilir.
Külək turbinlərinin sağlamlığa təsiri ilə bağlı mübahisələrdə “külək turbini sindromu” da tez-tez gündəmə gətirilir. İddialara görə, turbinlərin yaratdığı infrasəs insanlarda müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. Lakin bu iddianın elmi araşdırmalarla təsdiqlənmədiyi bildirilir.
2026-cı ildə aparılan genişmiqyaslı araşdırmada 120 minə yaxın ev təsərrüfatı 10 ildən artıq müddətdə müşahidə olunub. Nəticələr külək turbinlərinin yaxınlığında yaşayan orta statistik insanların fiziki və ya psixi sağlamlığında nəzərəçarpacaq pisləşmə aşkar etməyib.
Külək turbinlərinin səs-küy yaratdığı isə danılmazdır. Mütəxəssislər bu səsi fasiləsiz uğultuya bənzədirlər. Lakin 2025-ci ildə Kanadada aparılan araşdırmada turbin səsinin ciddi yuxu pozuntuları riskini artırdığına dair nəticə əldə edilməyib.
Ümumilikdə, mövcud araşdırmalar külək turbinlərinin insan sağlamlığı üçün ciddi təhlükə yaratdığını göstərmir. Bununla yanaşı, mütəxəssislər qurğuların yerləşdirilməsi zamanı məsafə, ekstremal hava şəraiti və mümkün texniki risklərin əvvəlcədən qiymətləndirilməsinin vacibliyini vurğulayırlar.
Samir


