ÖLKƏ
20:26 / 13.05.2022
164

Asim Mollazadə qanunvericiliyə hərbçilərlə bağlı edilən dəyişikliyə etirazını bildirdi

Asim Mollazadə Millət vəkili: "Qazilər, təqaüddə olan hərbi qulluqçular bizə müraciət edərək narazılıqlarını ifadə edirlər"

“Hamımız çox gözəl bilirik ki, Azərbaycan dövləti və ölkə prezidenti Azərbaycan Silahlı Qüvvələrinin sosial müdafiəsinə çox böyük diqqət yetirir. Bu istiqamətdə bir sıra işlər görülüb. Lakin təqaüddə olan hərbi qulluqçuların, qazilərin qanunvericilikdə edilən son dəyişikliklərlə bağlı ciddi narahatlıqları var”.

Bu sözləri Milli Məclisin bugünkü plenar iclasında millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.

“Qanunun hərbi qulluqçularla bağlı hissəsində narahatlıq doğuran məqamlar var. Bizim dairədən olan bir çox seçicilər - qazilər, təqaüddə olan hərbi qulluqçular bizə müraciət edərək öz narazılıqlarını bildiriblər. Ona görə də mənim həm Nazirliyə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi), həm də qanun layihəsini hazırlayan Komitəyə sualım var: Siz bu dəyişiklikləri edərkən hərbi qulluqçularla, qazilərlə hansısa formada əlaqə yaradaraq onların rəyini öyrənmisiz?”, - deyə Asim Mollazadə soruşub.

Millət vəkili hərbi qulluqçularla bağlı bəndlərə edilən dəyişikliklərin ləğvini təklif edib. Qeyd edək ki, "Əmək pensiyaları haqqında" qanunun 9.6-cı maddəsi yeni redaksiyada təqdim edilib.

Asim Mollazadə və bəzi deputatlar bu maddədəki dəyişikliyə etiraz ediblər. Mövcud qanunun 9.6-cı maddəsində deyilir ki, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. 9.6-cı maddəyə təklif edilən dəyişiklikdə isə bildirilir ki, hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur.

Aşağıdakı şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir:

hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər;

məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər;

hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər; ali zabit heyətinə aid şəxslər.

Xatırladaq ki, mövcud 9-cu maddə “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlanır.

0