Prokuror generalın 12 il azadlıqdan məhrum olunmasını tələb edir

ÖLKƏ
11:50 / 28.09.2022
924

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general-mayor Nizami Şirinov və qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev və Elman Tahirov, əməliyyat müvəkkili işləmiş Nadir Nəzirovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Qaynarinfo xəbər verir ki, dövlət ittihamçısı Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə iş istəyib.

Dövlət ittihamçısı Nizami Şirinovun 12 il, Elcan Abdullayev və Elman Tahirovun hər birinin 11 il müddətinə azadlıqdan mərhum edilməsini tələb edib, Elman Tahirovun isə barəsində olan cinayət işinin müddətinin keçməsi ilə bağlı cinayət işinə xitam verilməsini istəyib.

Prokuror qeyd edib ki, zaminə buraxılmış Elcan Abdullayev və Nadir Tahirovun məhkəmə zalından həbs olunmalıdırlar. Çıxışda təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş əmlaklarının da müsadirə olunması qeyd olunub.

Qeyd edək ki, Nizami Şirinov və digərləri qulluq mövqeyindən sui-istifadə etməklə zərərçəkmiş şəxslərə hədə-qorxu gələrək onların külli miqdarda vəsaitlərini mənimsəyiblər.

Təqsirləndirilən şəxslər MTN Akademiyasına qəbul edilməsi və himayədarlıq olunmasına görə Dilşad Aslanovdan 80 min dollar, ehtiyatda olan Milli Ordunun polkovniki, zərərçəkmiş Mirzəli Yusifovdan 315 min dollar, zərərçəkmiş Vüqar Ağayevdən 1 milyon 857 min manat dəyərində əmlak, zərərçəkmiş Emin Abbasovdan 200 min manat və əlavə olaraq 50 min dollar, zərərçəkmiş Rahib Ağayevdən 150 min dollar alıblar.

N.Şirinova Cinayət Məcəlləsinin 182.3.2 (ağırlaşdırıcı hallarda hədə-qorxu ilə tələb etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma), E.Abdullayev, E.Tahirov və Nadir Nəzirov həmin Məcəllənin 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddələri ilə itiham elan edilib.

0