Mübahisə zamanı qarşı tərəfi sakitləşdirmək məqsədilə deyilən bəzi ifadələr vəziyyəti daha da gərginləşdirə bilər. Psixoloqların fikrincə, xüsusilə “sakitləş” sözü insanın hisslərinin nəzərə alınmadığı təəssüratı yaradaraq mübahisənin ciddi münaqişəyə çevrilməsinə səbəb ola bilər.
HİT.az "Ziare" nəşrinə istinadən xəbər verir ki, dörd psixoloq bu ifadənin mübahisə zamanı əks təsir göstərdiyi qənaətinə gəlib. Mütəxəssislər bildirirlər ki, güclü emosiyalar yaşayan insanın vəziyyəti təhlil etmək və deyilənləri obyektiv qiymətləndirmək qabiliyyəti zəifləyə bilər. Belə məqamda qarşı tərəfdən sakitləşməsini tələb etmək onun özünü anlaşılmamış və eşidilməmiş hiss etməsinə gətirib çıxara bilər.
Psixoloq Mişel Qoldman və neyropsixoloq Sanam Hafizin də diqqət çəkdiyi məqamlardan biri bu ifadənin yuxarıdan aşağı münasibət kimi qəbul edilməsidir. Belə sözlərdən istifadə edən şəxs özünü məntiqli və təmkinli, qarşı tərəfi isə emosiyalarını idarə edə bilməyən biri kimi təqdim etmiş olur. Bu isə mübahisənin həllinə deyil, qarşılıqlı narazılığın artmasına şərait yaradır.
Mütəxəssislər “sən həmişə belə edirsən”, “mənə fərqi yoxdur”, “sən şişirdirsən” və “bu mənim günahım deyil” kimi ifadələrin də münaqişəni dərinləşdirə biləcəyini vurğulayırlar. Çünki bu cür sözlər problemin mahiyyətini müzakirə etmək əvəzinə, tərəfləri özlərini müdafiə etməyə və bir-birini günahlandırmağa sövq edir.
Psixoloqlar gərginliyi azaltmaq üçün qarşı tərəfi dinləməyi və onun hisslərini anlamağa çalışdığını göstərən ifadələrdən istifadə etməyi məsləhət görürlər. Məsələn, “səni daha yaxşı anlamağıma kömək edə bilərsənmi?”, “indi niyə narahat olduğunu başa düşürəm” və ya “gəl, bu problemi birlikdə həll etməyə çalışaq” kimi cümlələr söhbətin istiqamətini dəyişə bilər.
Mütəxəssislərin fikrincə, emosiyalar həddindən artıq gücləndikdə mübahisəyə qısa fasilə vermək də faydalıdır. Söhbəti hər iki tərəf sakitləşdikdən sonra davam etdirmək qarşılıqlı ittihamların qarşısını almağa və problemin həllinə daha konstruktiv yanaşmağa kömək edə bilər.
Samir


