ÖLKƏ
13:53 / 22.11.2022
336

Bakının bu ərazisində evlər sökülür: Sakinlərə 500 AZN kirayə haqqı veriləcək - FOTOLAR

Paytaxtın Nəsimi rayonunda yerləşən, Cəlil Məmmədquluzadə, Yusif Vəzir Çəmənzəminli, Novruzov qardaşları, Maqsud Əlizadə və Həsən Əliyev küçələrini əhatə edən, “Papanin” kimi tanınan ərazidə həyət evlərinin söküntüsünə başlanılıb. Söküntü işləri əsasən həyət evləri üzərində aparılır.

Tikinti layihəsinə uyğun olaraq həyət evləri söküldükdən sonra həmin ərazidə çoxmərtəbəli binalar inşa olunacaq.

Tikinti şirkətinin nümayəndəsi Trend-ə bildirib ki, 192 ailə tikinti şirkəti ilə artıq razılığa gələrək köçürülüb. Digər ailələrlə isə danışıqlar aparılır. Müqavilə bağlanan ailələrin mənzilləri mərhələli şəkildə sökülür. Ərazidə isə şəhərin memarlıq üslubunu nəzərə almaqla çoxmərtəbəli bina inşa olunacaq.

“288 ailənin buradan köçürülməsi nəzərdə tutulub. Hər ay müəyyən sahəyə uyğun olaraq onlara mənzil kirayəsinə görə pullar ödənilir. Ərazidə 11 girişli 16 mərtəbəli evlərin tikilməsi nəzərdə tutulub”, - şirkət nümayəndəsi qeyd edib.

Sökülən ərazilərdə çoxmərtəbəli binanın inşası iki il ərzində yekunlaşacaq. İlk olaraq kirayəyə çıxan sakinlər mənzillərlə təmin ediləcəklər. BAKU.WS-in məlumatına görə, hər ailəyə iki il müddətində 500 AZN kirayə haqqı veriləcək. İstəyən şəxslərə yeni binalarda tikinti başa çatdıqdan sonra əlavə 20 kvadrat metr mənzillər veriləcək. 

 

0