Xoş ülfətin, şirin sözün, bir gülüşün, bir də gülün xatirəsi...

16:55 / 21.09.2023
852

Yaşayan və yaşadan xatirələr... 

Uzun zamandır ki, tariximiz üçün əhəmiyyətli günlərə, aylara, illərə şahidlik edirik. Şəhid qardaşlarımız canı bahasına Vətənin bütövlüyünü təmin edir.

Dünən şəhidimin dəfn mərasimində – İkinci Fəxri Xiyabanda idim. Qeyri-ixtiyari şəkildə taxta oturacaqda əyləşdim. Gözlərim önündə Vətən torpaqlarının hər qarışı uğrunda aslan kimi döyüşən ər oğulların şücaəti canlanırdı. Qürur və qəmdən gözlərim dolmuşdu. 

Düz qarşıda insan izdihamı yaşanırdı. Tən ortada da Vətən sevgisindən doğan və heç zaman öləziməyən günəş görünürdü. Bu dəfə günəş göydən yerə deyil, yerdən göyə nur ələyirdi...

... Elə bu zaman oturacaq tərpəndi. Balaca oğlanın yanımda əyləşməyi məni də düşüncələrdən ayırdı...

Diqqətimi çəkən məqam özümə də qəribə gəldi. Yanımda utana-utana əyləşən oğlan aramızdakı boşluğu əlindəki çiçəklə doldurdu. Çiçəyi oturacağın tən ortasına qoyub gözlərini yerə dikdi.

Bu gül ömürdən qopan şirinli-acılı zamanlara məlhəm kimi göründü. Daha dəqiqi məni sabaha bağlayan telə çevrildi. Cəsarətimi toplayıb:

– Gül mənim üçündür? – söylədim. 

– Bəli. – deyə qarşılıq verdi. Sonra da elə məlhəmcə, ürəkdən, içdən – Sən ağlayırsan, ağlamayasan deyə, sənin üçün gətirmişəm – bildirdi. 

Daha heçnə deyə bilmədim. Doluxsundum, sanki bütün sözlər qalın ipə çevrilib boğazımda düyünləndi. 

Adını necə soruşduğumu belə xatırlaya bilmirəm. Camal demişdi. Boyu balaca, qəlbi böyük Camalım. 

Bir də: bura tez-tez gəldiyini və qürurla "Azərbaycan Əsgəri olacam" dediyini xatırlayıram... 

Camal! Bu ad unuda bilməyəcəyim xatirə yaşatdı mənə. 

Camal, böyü, tez böyü. Bir xanımın göz yaşına dözməyəcək qədər qürura sahib olmağın, qəlbinin saflığı dəyişməsin. 

İnanıram ki, bu məsələyə olduğumuz müqəddəs məkanın təsiri də az deyildi. 

Aytac Babayeva
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

0