"Qarabağ Universitetinin açılaması bölgənin inkişafına böyük töhvə verəcək" - Ekspert

ÖLKƏ
11:18 / 29.11.2023
654

Xəbər verdiyimiz kimi, Xankəndidə Qarabağ Universiteti təsis olunacaq. 

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev ötən gün Sərəncam imzaladı. Nazirlər Kabinetinə iki ay müddətində Qarabağ Universitetinin nizamnaməsini təsdiq etmək və bu barədə Prezidentinə məlumat vermək tapşırılıb. 

Qeyd edək ki, Xankəndidə Qarabağ Universitetinin yaradılması xalqımız tərəfindən böyük qürur və sevinc hissi ilə qarşılanır. Bu əlamətdar hadisə olmaqla yanaşı, həm də tarixi əhəmiyyətə malikdir. 

Təhsil eksperti Cahid İmanlı HİT.az-a açıqlamasında bildirib ki, Qarabağ Universitetinin təsis edilməsi çox mühüm hadisədir:

338831

"Birmənalı şəkildə demək olar ki, Qarabağ Universitetinin yaradılması haqqında qərar "Böyük Qayıdışa"a dair I Dövlət Proqramının Elm, mədəniyyət və təhsil sahəsində indiyə qədər atılan addımlarından, görülən işlərdən ən mühümü, ən əhəmiyyətlisi kimi qiymətləndirmək olar. Bildiyimiz kimi, ali təhsil müəssisələri şəhər və qəsəbələrin inkişafında mühüm rol oynayır. Xankəndidə Qarabağ Universitetinin yaradılması bölgənin həm Azərbaycanın digər əraziləri ilə inteqrasiyasına, həm də dünya ölkələri tərəfindən tanınmasına kömək edəcək".

Ekspert vurğulayıb ki, universitet öz-özlüyündə şəhərin digər infrastrukturunun da inkişafına kömək edəcək:

"Burada təhsil alacaq həm yerli, həm də xarici tələbələrin təhlükəsizliyinin təminat altına alınması da bölgənin dayanıqlı inkişafına böyük töhvə verəcək. Düşünürəm ki, Xankəndidə təsis ediləcək Qarabağ Universiteti Qarabağ iqtisadi rayonunun gələcək inkişafında əvəzsiz rol oynayacaq, rayonun simasına çevriləcək".

Pərviz

0