Seyşel adaları arxipelaqında yerləşən Arid adasına buraxılan 10 nəhəng Aldabra tısbağası alimlərin gözlədiyindən daha sürətli nəticə əldə edilməsinə səbəb olub. Cəmi altı ay ərzində bu heyvanlar təxminən 180 ildir pozulmuş bəzi təbii proseslərin bərpasına töhfə veriblər.
HİT.az xəbər verir ki, bu barədə "La Nación" nəşri məlumat yayıb.
Nəticələri "Restoration Ecology" elmi jurnalında dərc olunan araşdırmada İspaniya Elmi Tədqiqatlar üzrə Ali Şurasının və Ekseter Universitetinin mütəxəssisləri iştirak ediblər. Alimlər müəyyən ediblər ki, tısbağaların yoxa çıxması adada bitki toxumlarının yayılmasına, bitki örtüyünün tənzimlənməsinə və torpaqda qida maddələrinin dövranına mənfi təsir göstərib.
Təcrübənin ilk iki ayında 10 tısbağa 11 mindən çox toxumun yayılmasına şərait yaradıb. Onların 89,5 faizi yerli bitki növlərinə aid olub. Tısbağalar meyvələri yeyərək toxumları həzm sistemindən keçirib və müxtəlif ərazilərə yayıblar. Bu isə bitkilərin ana bitkidən uzaqda cücərməsinə imkan yaradıb.
Bundan başqa, tısbağalar adada yad mənşəli bitkilərin yayılmasının qarşısını almaqda da mühüm rol oynayıblar. Araşdırma zamanı onların 54 növ yad bitki ilə qidalandığı müəyyən edilib. Alimlərin fikrincə, bu üsul həmin bitkilərin mexaniki yolla təmizlənməsindən daha ucuz və səmərəli alternativ ola bilər.
Tısbağalar tökülmüş yarpaqları və digər üzvi qalıqları da yeyərək torpaqda qida maddələrinin dövranını sürətləndiriblər.
Tədqiqatın maraqlı nəticələrindən biri isə bütün tısbağaların ekosistemin bərpasına eyni dərəcədə töhfə verməməsi olub. Məlum olub ki, 10 heyvandan yalnız üçü yerli bitkilərin toxumlarının yayılmasının 80 faizindən çoxunu təmin edib.
İspaniya Milli Təbiət Elmləri Muzeyinin tədqiqatçısı Serxio Qarsiya-Penya bildirib ki, ekosistemin bərpası təkcə təbiətə buraxılan heyvanların sayından deyil, onların fərdi davranış xüsusiyyətlərindən də asılıdır.
Alimlər gələcəkdə digər ərazilərdə də bu yanaşmanı tətbiq etməyi planlaşdırırlar. Onlar hesab edirlər ki, təbiətin bərpası layihələrində heyvanların sayından əlavə, hər bir fərdin ekoloji proseslərə verdiyi töhfə də nəzərə alınmalıdır.
Samir


