Banka qoymaq təhlükəlidirmi?

21:10 / 22.01.2024
195

Soyuqdəymə zamanı xalq arasında tətbiq olunan alternativ tibbin ən üzdə olanı banka qoymaqdır. Hesab olunur ki, banka qoyulan yerdə nə qədər çox tünd qan yığılarsa, deməli, bu nahiyə daha çox soyuqlayıb. Həmin yeri hacamat deyilən xüsusi bir alətlə çərtib, yığılan qanı çıxarırlar. 

Mövzu ilə bağlı fikir bildirən tibb elmləri doktoru, professor Adil Qeybulla Hit.az-a qeyd edib ki, bu üsul minillərdir sınanıb və faydası görülüb:

“Türkəçarə böyük elmi əsası olan qədim türk təbabətidir və həmin dövrdə vətəndaş hüququ qazanan, təsdiq olunan müayinə, müalicə üsulları uzun müddət sınaqdan keçirilib, daha sonra üzərində dayanılıb. Eyni zamanda, banka qoyulması da buna aiddir. Banka qoymaq autohemoterapiya xarakteri daşıyır. 

Autohemoterapiya - xəstənin öz qanından istifadə olunaraq, müxtəlif bioloji dərmanlarla potensiyalaşdırılmış qarışığının alınıb, yenidən pasiyentə vurulması ilə aparılan müalicə metodudur. Ancaq banka qoymaqla müalicə üsulu artıq keçmişdə qalıb.Tibbin inkişafı sayəsində artıq buna ehtiyac yoxdur. Müasir tibb bu gün o qədər inkişaf edib ki, bu cür üsullara ehtiyac qalmır. Banka arxaik üsul olsa da, özünü təsdiq etmiş üsullardan biridir. Onu da nəzərə almaq lazımdır ki, düzgün qoyulmayan banka ciddi fəsadlara səbəb ola bilər.

Banka qoyan şəxslər bir növ buna adət edirlər və sonralar tez-tez bu üsula müraciət etməli olurlar. Bu da onun mənfi xüsusiyyətlərindən biridir. Bundan başqa, bankanın qoyulması üçün müəyyən yerlər var və bunu bilmək üçün təcrübə olmalıdır, bankanı onurğa sütununun, ürəyin üzərinə qoymaq qətiyyən olmaz. Bu isə ciddi fəsadlara yol aça bilər. Banka qoymağın da metodologiyası var”.

Sevinc

0