Bazarda, küçələrdə meyvə qurularının, müxtəlif növ quru çərəzlərin qablaşdırılmadan açıq şəkildə satıldığına rast gəlirik. Təbii ki, açıq havada satışa çıxarılan çərəzlərə ətrafdan toz, mikroblar hopur.
Elə çərəzlər var ki, onlar yuyula bilməz. Bu səbəbdən də həmin çərəzlərin açıq şəkildə satışı qadağandır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Hit.az-a açıqlamasında qeyd etdi ki, Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycan əmtəə bazarında satılan məhsullar qablaşdırılmalıdır.
Həmin məhsulların üzərində istehsal tarixi, son istifadə müddəti qeyd olunmalıdır. Həmçinin, istehsalçının adı və ünvanı qeyd olunmalıdır:
“Çox təəssüflər olsun ki, quru meyvələr satılan yerlərdə Nazirlər Kabinetinin məlum qərarı icra olunmur. Əksər hallarda, istehlakçılara vaxtı ötmüş quru meyvələr satılır. O məhsullara diqqətlə fikir verilsə, onların tərkibinin artıq kifləndiyini və xırda qurdlarla zəngin olduğunu müşahidə etmək olar. Bu işlərlə məşğul olan qurumlar problemə, demək olar ki, biganəlik nümayiş etdirirlər. Nazirlər Kabinetinin 94 saylı qərarı həyata keçirilmir”.
Sevinc