ABŞ bəzi müttəfiqlərinə əsas silah sistemlərinin, xüsusilə raket və hava hücumundan müdafiə vasitələrinin tədarükündə ciddi gecikmələr yarana biləcəyi barədə xəbərdarlıq edib.
HİT.az xəbər verir ki, “Bloomberg”in məlumatına görə, Vaşinqton ilk növbədə öz silah-sursat ehtiyatlarını bərpa etməyə çalışır. Bu səbəbdən bəzi sifarişlərin icrasının beş ilə qədər gecikməsi ehtimalı var.
Məlumata görə, bir sıra Avropa ölkələri ABŞ istehsalı olan raket sistemləri və hava hücumundan müdafiə vasitələrinin tədarükündə problemlərlə üzləşib. Almaniyanın uzaqmənzilli “Tomahawk” qanadlı raketləri və “Typhon” yerüstü buraxılış qurğularının daha sürətli çatdırılması ilə bağlı müraciətinin də mövcud ehtiyat çatışmazlığı səbəbindən tam yerinə yetirilməsinin çətin olduğu bildirilir.
ABŞ-ın ehtiyatlarının azalmasının əsas səbəblərindən biri İranla müharibə zamanı raket və digər sursatlardan geniş istifadə edilməsi göstərilir. Qiymətləndirmələrə əsasən, ABŞ İran əməliyyatları zamanı ən müasir “Patriot” raketlərinin yarıdan çoxunu, “Tomahawk” raketlərinin təxminən üçdə birini, həmçinin THAAD sistemləri üçün raket və ələkeçiricilərin böyük hissəsini istifadə edib.
Pentaqon rəsmiləri sursatların sürətlə tükənməsinin strateji ehtiyatlarda çatışmazlıq yaratdığını və müdafiə sənayesində istehsalın artırılmasına mane olan problemləri üzə çıxardığını bildiriblər.
ABŞ-dakı ehtiyat problemi Ukraynanın hava hücumundan müdafiə sistemlərinə olan tələbatına da təsir göstərə bilər. “Bloomberg” yazır ki, Kiyev qış öncəsi əlavə “Patriot” ələkeçiricilərinin alınmasına çalışır.
Avropa liderlərinin gələn həftə Nyu-Yorkda keçiriləcək BMT toplantıları çərçivəsində ABŞ Prezidenti Donald Trampla bu məsələni müzakirə etməsi gözlənilir. Avropa ölkələri həmçinin ABŞ-dan “Patriot” sistemlərinin istehsalı üzrə lisenziya almağa çalışır. Məqsəd Avropada daha çox raket istehsal edərək onların bir hissəsini Ukraynaya ötürməkdir.
Bununla yanaşı, ABŞ müdafiə şirkətləri istehsal güclərini artırmağa çalışır. “Lockheed Martin” ən müasir PAC-3 MSE raketlərinin illik istehsalını təxminən 600-dən 2 min ədədə çatdırmağı planlaşdırır.
Raket çatışmazlığının yalnız Avropa ölkələrinə təsir etmədiyi də bildirilir. ABŞ daha əvvəl Yaponiyaya “Tomahawk” raketlərinin tədarükünün iki ilə qədər gecikə biləcəyi barədə məlumat verib.
Bununla belə, Avropa müttəfiqlərinin NATO və Avropa İttifaqı təşəbbüsləri çərçivəsində aldığı silahların Ukraynaya çatdırılması davam edir.
Samir


