Bakıda xuliqanlıq və qətl törətməkdə ittiham olunan Natiq İmamcanov və Afiq Hacıəliyevin cinayət işi üzrə məhkəməsi yekunlaşıb.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunaraq Afiq Hacıəliyev 14 il, Natiq İmamcanovun isə 3 il azadlıqdan məhrum olunublar. Natiq İmamcanov barəsində seçilmiş həbs olmayan qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəzlənib və o, məhkəmə zalında həbs olunub.
Xatırladaq ki, prokuror ötən prosesdə təqsirləndirilənlərdən Afiq Hacıəliyevin 18 il 6 ay, Natiq İmamcanovun isə 4 il azadlıqdan məhrum olunmasını məhkəməyə təklif etmişdi.
Qeyd edək ki, hadisə ötən ilin martında paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb.
Belə ki, Afiq Hacıəliyev mübahisə zəminində tanışı Turan Əliyevə bıçaqla xəsarət yetirərək öldürüb. Hadisə günü tanışı Afiq Hacıəliyevlə birlikdə olan Natiq İmamcanov da təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub.
Afiq Hacıəliyevə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və Natiq İmamcanova qarşı isə 221.3-cü (xuliqanlıq - silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.


