Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilir.
HİT.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərarda qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqları və öhdəlikləri, habelə əmlakı Naxçıvan Dövlət Universitetinə keçir.
Elm və Təhsil Nazirliyinə qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Qeyd edək ki, Naxçıvan Müəllimlər İnstitutunun İnstitutun əsası 1969-cu ildə qoyulub. İnstitutun tarixi Naxçıvan Politexnik Texnikumundan başlayır. Həmin il Kiyev Politexnik Texnikumunun filialı kimi fəaliyyətə başlayan təhsil müəssisəsi 1974-cü ildə müstəqil texnikuma çevrilib və ona Cəmşid Naxçıvanskinin adı verilib. Texnikumda sənaye və tikinti, mülki tikinti, sənaye müəssisələri və qurğularının elektrik avadanlıqları, tikinti maşın və avadanlıqları kimi ixtisaslar üzrə mütəxəssislər hazırlanıb.
2000-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Naxçıvan filialı Naxçıvan Politexnik Texnikumunun bazasında yaradılıb. 2003-cü il avqustun 26-da isə filial müstəqil instituta çevrilib və onun bazasında Naxçıvan Müəllimlər İnstitutu fəaliyyətə başlayıb. İnstitutun strukturunda kitabxana və nəşriyyat şöbəsi fəaliyyət göstərir. Kitabxananın fonduna 13 minə yaxın kitab daxildir. Son illərdə fond tədris-metodik, elmi və monoqrafik ədəbiyyat hesabına genişləndirilib, həmçinin elektron kataloq yaradılıb.
Nəşriyyat şöbəsində elmi-praktik konfransların proqram və materialları, fənn proqramları, əməkdaşların dərs və metodik vəsaitləri, tövsiyələri və digər nəşrlər hazırlanır. İnstitutun “Xəbərlər” elmi-metodiki jurnalı isə 21 dekabr 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Jurnal ildə dörd dəfə nəşr üçün nəzərdə tutulub və pedaqogika elmləri üzrə elmi nəşrlər siyahısına daxil edilib. Hazırda jurnal ISSN 2303–9116 ilə çap olunur.

