Rusiya qış hücumları üçün ən güclü raketlərini toplayır – "Bloomberg"

DÜNYA
13:27 / 21.09.2026
38

Rusiya son həftələrdə Ukraynaya hücum taktikasını dəyişərək ballistik raketlərdən daha az istifadə etməyə başlayıb. Bu isə Moskvanın daha güclü raketləri qış aylarında istifadə etmək üçün topladığı ehtimalını artırıb.

HİT.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata görə, Rusiya Ukraynanın enerji və istilik infrastrukturuna qarşı hücumları oktyabrın sonu və ya noyabrın əvvəlindən intensivləşdirə bilər. Ballistik raketlər Ukrayna infrastrukturuna ciddi zərər vuran əsas silahlardan biri hesab olunur.

Ukrayna hökuməti də qarşıdakı qışa hazırlaşır. Baş nazir Sergey Koretskiy ölkənin əlverişli hava şəraitinə arxalana bilməyəcəyini bildirərək, əhalinin istilik və elektrik enerjisi ilə təminatında yarana biləcək problemlərə qarşı “Sarsılmazlıq məntəqələri” şəbəkəsinin genişləndirilməsi üzərində iş aparıldığını deyib.

“Bloomberg”in mənbələrinə görə, Avropadakı müttəfiqlər də Ukraynaya dəstək verməyə hazırlaşır. Buraya elektrik stansiyaları üçün ehtiyat hissələri və istilik avadanlıqları da daxildir.

Bununla belə, Ukraynanın əsas problemlərindən biri “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin çatışmazlığı olaraq qalır. Bu sistemlər Rusiyanın ballistik raketlərinin qarşısının alınmasında mühüm rol oynayır.

Almaniya və bir sıra digər Avropa ölkələri bu ay daha çox “Patriot” sistemi almaq və öz ehtiyatlarındakı raketlərin bir hissəsini Ukraynaya göndərmək niyyətlərini açıqlayıblar.

Nəşr qeyd edir ki, bəzi avropalı müttəfiqlər Ukraynanın qarşıdakı qışda üzləşəcəyi vəziyyətdən ciddi narahatdır. Bununla yanaşı, digər tərəfdaşlar hava hücumundan müdafiə raketlərinin çatışmazlığına baxmayaraq, Ukraynanın çətinliklərin öhdəsindən gələ biləcəyini düşünür.

Samir
 

0