Rusiya NATO ölkələrinə hücum edəcək?

HƏRBİ
15:40 / 21.09.2026
243

“Son günlərdə tez-tez Rusiyanın NATO ölkələrinə hücum etməyə hazırlaşdığına dair iddialar yayılır. Görünür, Ukrayna timsalında Rusiya-Qərb müharibəsi beynəlxalq münasibətləri ciddi sınağa çəkir və artıq məsələ hər iki tərəf üçün “olum, ya ölüm” dilemmasına çevrilib”.

Bu sözləri Azad Vətən Partiyasının Siyasi Şurasının sədri, siyasi şərhçi Novruz Novruzov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, müharibənin gedişi artıq “bıçağın sümüyə dirəndiyi” nöqtəyə çatıb:


“Kremldə anlayırlar ki, Ukrayna təklənməsə Rusiyanın uğur qazanması mümkün olmayacaq. Bu səbəbdən beynəlxalq müşahidəçilər Rusiya Prezidenti Vladimir Putinin NATO ölkələrinə hücum etmək ehtimalını qabartmağa başlayıblar. Prinsipcə, əslində Rusiya Ukraynaya hücum etməklə NATO ölkələrini də hədəfə salıb. Ona görə ki, Kiyev NATO-ya inteqrasiya istiqamətini seçib. Ancaq hazırkı şəraitdə vəziyyət daha açıq xarakter alıb.

Moskva alyans ölkələrinə qarşı təxribata çoxdan başlayıb. Sentyabrın əvvəllərində NATO ölkələri Rusiyanın Arktikada sualtı kommunikasiya infrastrukturuna qarşı mümkün sabotaj fəaliyyətləri ilə bağlı narahatlıqlarını artırıblar. NATO ölkələri 2026-cı ilin yazında Svalbard yaxınlığında sualtı kabellərlə bağlı Rusiyanın gizli əməliyyatını dayandırdıqlarını bildiriblər”.

Ekspert diqqətə çatdırıb ki, Baltik dənizində də gərginlik artır:
“Sentyabrın 14-də Rusiya hərbi gəmisinin Danimarka hərbi helikopterinə iki işıqlandırıcı raket atması barədə Danimarka tərəfi məlumat yayıb. Kopenhagen bunu Rusiyanın NATO-nun reaksiyasını sınağa çəkən davranışının bir hissəsi kimi qiymətləndirib. Belə hadisələr birbaşa müharibə demək deyil, amma müharibə elementi kimi təxribat sayılır.

Rusiyanın məqsədi NATO ölkələrini Ukraynadan uzaqlaşdırmaq üçün müxtəlif hərbi tryuklara getməkdir. Məsələn, kiberhücumlar, sualtı kabellərə müdaxilə, dron insidentləri, hava məkanının pozulması, sabotaj, dezinformasiya və sairə məhdud və qeyri-müəyyən addımlarla bu qurumun üzvlərini sınağa çəkməkdir. Bu cür fəaliyyətin ardıcıl şəkildə həyata keçirilməsi ciddi təhlükəsizlik böhranı yaradır. Bu isə öz növbəsində müharibə ilə sülh arasındakı sərhədi getdikcə qısaldır”.

Onun sözlərinə görə, Rusiyanı narahat edən məqamlardan biri də müharibənin başqa bir simptomudur:
“NATO ölkələri özlərinin hərbi güclərini artırmaq üçün ciddi yenidənqurmaya başlayıblar. Rusiyanın qulağının dibində olan Polşa NATO-nun şərq cinahında ən mühüm hərbi güclərdən birinə çevrilir. Ölkə müdafiə xərclərini artırır, ordusunu genişləndirir və NATO-nun şərq sərhədinin müdafiəsində aparıcı rol oynamağa çalışır. Varşava özünü Ukrayna müharibəsi ilə NATO ərazisi arasında əsas təhlükəsizlik baryerlərindən biri kimi görür.

Finlandiyanın NATO-ya qoşulması Rusiyanın şimal sərhədlərində yeni strateji vəziyyət yaradıb. İsveçin alyansa daxil olması isə Baltik dənizinin təhlükəsizlik arxitekturasını əhəmiyyətli dərəcədə dəyişib. Beləliklə, Moskva əvvəlki dövrlə müqayisədə NATO ilə daha uzun sərhəd xətti ilə üz-üzədir. Amma burada maraqlı paradoks yaranır. Rusiya alyansın genişlənməsini özünə təhlükə kimi təqdim etdiyi halda, Ukraynaya qarşı müharibə Finlandiya və İsveç kimi əvvəllər neytral siyasət yürüdən dövlətlərin NATO-ya daxil olmasına səbəb oldu”.

N. Novruzov qeyd edib ki, Rusiyanın NATO-nu zəiflətmək məqsədi ilə başladığı qarşıdurma müəyyən mənada alyansın şimal cinahını daha da gücləndirdi:
“Bəs Rusiya həqiqətən NATO ilə müharibə istəyirmi? Bunun üçün açıq və qəti sübut yoxdur. Əksinə, Finlandiya Prezidenti Aleksandr Stubb 2026-cı ilin avqustunda Rusiyanın NATO ölkəsinə hücum etməsinin Moskva üçün məntiqsiz olacağını bildirib. Onun fikrincə, NATO-nun konvensional, raket və nüvə imkanlarının üstünlüyü belə bir hücumu çox riskli edir. Ola bilsin ki, Rusiyanın hərbi potensialı hücum etmək üçün kifayət etsin, lakin siyasi rəhbərlik bunun nəticələrinin qəbuledilməz olduğunu hesab edə bilər.

Rusiya özü üçün ən təhlükəli rəqib kimi ABŞ-ni görür. Vaşinqtonun Avropadakı hərbi mövcudluğu və NATO-ya siyasi bağlılığı Rusiya ilə mümkün qarşıdurmanın hesablanmasında mühüm rol oynayır. Lakin 2026-cı ildə ABŞ-nin Avropadakı hərbi mövcudluğunun gələcəyi ilə bağlı müttəfiqlər arasında narahatlıqlar artıb. Vaşinqtonun Avropadakı qoşun sayına yenidən baxması ilə bağlı proses NATO ölkələrində suallar doğurub. 

Bu məsələni Moskva da diqqətlə izləyir. Əgər Rusiya NATO daxilində ciddi siyasi parçalanma və ya ABŞ-nin Avropadan strateji uzaqlaşmasını görsə, risk hesablamasını dəyişə bilər. Deməli, NATO-nun ən mühüm silahlarından biri təkcə tank, təyyarə və raketlər deyil, birlikdir. Nə qədər ki, bu birlik var, Rusiya NATO ölkələrinə hücum etməyəcək”.

Elmir Mustafa

0