Avropa müdafiə sənayesi ABŞ-la istehsal və təchizat əlaqələrini kəsməməlidir. "Nammo" şirkətinin baş direktoru Morten Brandtzeg bildirib ki, Avropa artan tələbatı tamamilə müstəqil şəkildə qarşılamaq üçün kifayət qədər istehsal imkanlarına malik deyil.
HİT.az xəbər verir ki, Brandtzeg bu barədə “Financial Times”a açıqlamasında danışıb. Onun sözlərinə görə, müdafiə sənayesində Avropa və ABŞ-ın istehsal bazaları bir çox sahədə bir-birinə inteqrasiya olunub və bu əlaqələrin qısa müddətdə dəyişdirilməsi real deyil.
Şirkət rəhbəri buna F-35 qırıcıları üçün istifadə olunan AMRAAM raketlərini nümunə göstərib. "Nammo" Norveçdə raket mühərrikləri istehsal edir və onları ABŞ-a göndərir. Burada mühərriklər amerikalı “Raytheon” şirkətinin istehsal etdiyi raketlərə quraşdırılır. Daha sonra həmin raketlər F-35 qırıcılarından istifadə edən Avropa müttəfiqlərinə çatdırılır.
Brandtzeg hesab edir ki, istehsalın tamamilə Avropaya köçürülməsi üçün hazırda kifayət qədər vaxt yoxdur. O, NATO ölkələrinin, o cümlədən ABŞ-ın birgə səylərinin vacibliyini vurğulayıb.
Bu açıqlamalar Avropa ölkələrinin öz müdafiə sənayesini gücləndirmək və ABŞ silahlarından asılılığı azaltmaq planlarını fəallaşdırdığı bir vaxtda səslənib. ABŞ silahlarının bəzi tədarüklərində yaranan gecikmələr isə Avropa ölkələrini alternativ sistemlər axtarmağa vadar edib.
Məsələn, “Patriot” hava hücumundan müdafiə sistemlərinin tədarükündəki gecikmələr fonunda Avropada Fransanın “SAMP-T NG” sisteminə maraq artıb. Danimarka artıq bu sistemdən sifariş verən ilk ölkə olub və ilk tədarüklərin 2028-ci ildə həyata keçirilməsi gözlənilir.
“Thales” şirkətinin rəhbəri Patrik Keyn isə “SAMP-T NG” ilə Avropadan və Yaxın Şərqdən təxminən 10 ölkənin maraqlandığını bildirib. Onun sözlərinə görə, buna səbəblərdən biri “Patriot” sistemlərinin əlçatanlığı ilə bağlı yaranan problemlərdir.
Bununla yanaşı, Avropa müdafiə şirkətləri ABŞ istehsalı olan bəzi sursatların çatışmazlığını aradan qaldırmaq üçün alternativ məhsullar təklif etməyə çalışırlar.
Samir


