"Azərbaycan cüdo yığmasında əcnəbi idmançı yoxdur".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Bakı-2026 cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, milli komandanın bütün üzvləri Azərbaycan idman məktəbinin yetirmələridir:
"Bunu tam səmimi deyirəm və qəbul edilənə qədər təkrarlayacağam. Bu idmançıların heç biri komandamıza hazır şəkildə gəlməyib. Onlar bizim yanımıza 14, 15, 16, 17 yaşlarında gəliblər. Onlar Azərbaycanın yetirmələridir və bu səviyyəyə biz çatdırmışıq. Nə Rusiyanın, nə Gürcüstanın, nə də başqa ölkənin idman məktəbində yetişiblər".
Federasiya rəsmisi sosial şəbəkələrdə Azərbaycan millisinin üzvlərinin legioner kimi təqdim olunmasının onu narahat etdiyini qeyd edib:
"Bu cür fikirlər idmançılara da mənfi təsir göstərir. Onlar Azərbaycan bayrağı altında mübarizə aparır və ölkəmiz üçün əllərindən gələni edirlər. Əgər komandada Səid Mollayi olsaydı, onun haqqında deyilənləri anlayışla qarşılayardım. Çünki o, Azərbaycana artıq hazır idmançı kimi gəlmişdi. Digər idmançılarımızın heç biri bu səviyyədə hazır olmayıb. Onları özümüz yetişdirmişik".
Qeyd edək ki, Azərbaycan millisi Bakı-2026 dünya çempionatında fərdi yarışları bir qızıl, iki gümüş və dörd bürünc medalla başa vurub.


