Kotletlərin yumşaq və şirəli alınması üçün qiyməyə çörək və yumurta əvəzinə kartof əlavə etmək tövsiyə olunur. Bu tərəvəz yeməyin həm dadına, həm də teksturasına müsbət təsir göstərir.
HİT.az xəbər verir ki, bu barədə UNIAN nəşri məlumat yayıb.
Məlumata görə, kartofun tərkibindəki nişasta nəmi saxlamağa kömək edir, nəticədə kotletlər daha yumşaq və şirəli alınır. Bundan əlavə, kartof qiymənin bir-birinə yapışmasını təmin edir və kotletlərin bişərkən dağılmasının qarşısını alır.
Mütəxəssislər qiyməyə soğan əlavə etməyi də məsləhət görürlər. Soğanın tərkibindəki su ətin şirəli qalmasına kömək edir, şirəsi isə ət liflərinin yumşalmasına təsir göstərir.
Kotlet hazırlamaq üçün 500 qram qiymə, bir böyük soğan, iki kiçik və ya bir böyük kartof, bir xörək qaşığı mayonez, duz və zövqə uyğun ədviyyatlar lazımdır.
Hazırlanma qaydasına gəlincə, soğan xırda doğranır, kartof isə sürtgəcdən keçirilir. Bütün ərzaqlar qiyməyə əlavə edilərək təxminən beş dəqiqə yaxşıca qarışdırılır. Daha sonra kotletlər formaya salınaraq orta odda hər iki tərəfi təxminən beş dəqiqə qızardılır. Sonda od azaldılır və kotletlər qapaq altında daha beş dəqiqə bişirilir.
Bu üsul yumurtadan istifadə etmədən də yumşaq və şirəli kotletlər hazırlamağa imkan verir.
Samir


