Bəzən bir insanın həyatı bütöv bir xalqın taleyini özündə əks etdirir.
Bu dəfəki qəhrəmanımız iki ilə yaxındır ki, doğma yurda, Xocalıya köç edən Əlövsət Hüseynovdu. 1957-ci Xocalıda anadan olan Hüseynov Əlövsət Qurban oğlu da yurd həsrəti, ağır sınaqlar və nəhayət torpağa qayıdış sevincini yaşayan minlərlə soydaşımızdan biridir. 70 yaşlı Əlövsət kişi və həyat yoldaşı Hüseynova Naidə Nəriman qızı Xocalı faciəsinin ağrılarını yaşayıblar. Doğma yurdlarından didərgin düşən ailə erməni əsirliyində saxlanılıb, işgəncə və ağır mənəvi əzablara məruz qalıb.
Bütün bu çətinliklərə baxmayaraq, onlar əsirlikdən azad olunaraq həyata yenidən sarılmağı bacarıblar.Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, məcburi köçkün kimi əvvəlcə Naftalanda, sonra isə Goranboy rayonunda salınmış yeni köçkün qəsəbəsində dövlət tərəfindən mənzillə təmin edilən ailə uzun illər yalnız bir arzuyla – doğma Xocalıya qayıtmaq arzusu ilə yaşayıb. Bu arzu nəhayət gerçəyə çevrilib. Xocalı işğaldan azad olunduqdan sonra Əlövsət kişi ailəsi ilə birlikdə doğma ocağına qayıtdı.
Bu gün Əlövsət Hüseynovun həyətinə daxil olan hər kəs burada zəhmətin, bərəkətin və xoşbəxtliyin izlərini görür. O, özünə kiçik təsərrüfat yaradıb, torpağı becərir, müxtəlif meyvə ağacları əkib. Xocalının məhsuldar torpağı onun zəhmətini artıqlaması ilə qaytarır. Hər mövsüm bol məhsul götürən Əlövsət kişi doğma torpaqda halal zəhmətlə yaşamağın sevincini yaşayır. İllərlə həsrət qaldığı yurdun havasını udmaq, öz həyətində ağacların bar verdiyini izləmək, ailəsi ilə birlikdə doğma ocağında süfrə arxasında əyləşmək onun üçün ən böyük xoşbəxtlikdir.
Əlövsət kişinin həyat hekayəsi təkcə bir ailənin taleyi deyil, işğaldan azad olunmuş torpaqlarda yenidən dirçələn həyatın, Böyük Qayıdışın və Azərbaycan insanının sarsılmaz iradəsinin parlaq nümunəsidir. Bu gün Xocalıda qurulan hər bir ev, becərilən hər bir torpaq, bar verən hər bir ağac vətənə qayıdışın, əzmin və qələbənin rəmzidir. Doğma yurduna qovuşan Əlövsət kişi kimi insanlar sübut edirlər ki, vətən sevgisi illərlə davam edən həsrətdən də güclüdür. Bu gün onların üzündəki təbəssüm, həyətlərindəki bərəkət və evlərindəki xoşbəxtlik Azərbaycanın Böyük Qayıdış salnaməsinin ən dəyərli səhifələrindən biridir.






