“Müasir işədüzəltmə xidməti sadəcə vakansiya paylaşmaqdan ibarət deyil”.
Bu sözləri insan resursları və işə qəbul üzrə mütəxəssis Sevda Quliyeva Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, vakansiya paylaşmaq ən kiçik mərhələlərdən biridir:
“Müasir və peşəkar işədüzəltmə xidməti bir sıra istiqamətləri əhatə etməlidir. Əvvəlcə işəgötürənin ehtiyacını düzgün analiz etmək lazımdır. Bundan başqa, bazar araşdırması və əməkhaqqı analizi də aparılmalıdır. Eyni zamanda, aktiv namizəd axtarışı olmalı və yalnız müraciət edən CV-lərlə kifayətlənilmək olmaz”.
Ekspert digər istiqamətlərdən də bəhs edib:
“İndiki dövrdə xüsusilə, “LinkedIn”, şəxsi baza və peşəkar şəbəkələr vasitəsilə istedadların müəyyən edilməsi çox vacibdir. CV-lərin peşəkar şəkildə qiymətləndirilməsi və ilkin müsahibələrin keçirilməsi də lazımlı mərhələdir.
Bu zaman namizədlər texniki və davranış üzrə dəyərləndirilməlidir. Ümumiyyətlə, sadəcə uyğun namizədlər vakansiya verən şirkətə təqdim olunmalıdır. Əsas məqsəd şirkət üçün uzunmüddətli istedad bazasının formalaşdırılmasıdır”.
Sevda Quliyeva qeyd edib ki, ən güclü işədüzəltmə şirkətləri artıq “CV göndərən” deyil, strateji HR tərəfdaşı kimi fəaliyyət göstərirlər:
“Onlar, biznesin məqsədlərini anlayır, doğru insanı düzgün vəzifəyə yerləşdirir və işə qəbul prosesinin sürətini, keyfiyyətini və uğur faizini artırırlar. Vakansiyanı paylaşmaq isə namizəd toplama üsullarından sadəcə biridir.
Əsl dəyər doğru namizədi tapmaq, qiymətləndirmək, cəlb etmək və uğurla işə yerləşdirməkdir. Bu yanaşma həm şirkətin vaxt və maliyyə itkilərini azaldır, həm də uzunmüddətli uğurlu əməkdaşlığa zəmin yaradır”.
Elmir



