“Səfəvilərlə bağlı müəyyən şəxslər yenə də mübahisələri davam etdirirlər, kimlərsə bu barədə nələrsə danışmağa çalışır”.
Bu sözləri Azad Vətən Partiyasının sədri, tarix üzrə fəlsəfə doktoru Akif Nağı Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, Səfəvilərin türk olması tarixi reallıqdır:
“Kimsə mübahisəni davam etdirsə də, burada hansısa mübahisəli məsələ yoxdur. Səfəvilər birmənalı şəkildə Azərbaycan-Türk dövlətidir. Onlar özləri-özlərinə “Türk” deyirdilər: “Piri-Türk”, “Türkzadə”, “Taclı Türk” ifadələrini işlədirdilər. Şah İsmayıl Xətainin dövründə əksəriyyət özünü “Taclı Türk” adlandırırdı”.
Tarixçi vurğulayıb ki, dövlətin və ordunun dili türk dili idi:
“Şah İsmayılın yazdığı şeirlər də daxil olmaqla, yazılı dil məhz türk dilində idi. Bu dövlətin guya fars dövləti olduğunu iddia etmək gülüncdür. Şah İsmayıl Xətainin dövründə ümumiyyətlə “fars” ifadəsi yox idi; o təbəqəyə, o dildə danışanlara “tacik”, bir hissəsinə isə “tat” deyirdilər.
Avropadan gələn səyyahlar öz qeydlərində bildirirlər ki, Şah İsmayılın dövründən başlayaraq I Abbasın, ondan sonrakı Səfəvi hökmdarlarının və hətta Nadir şahın dövründə sarayda fars dilində heç kəs bir kəlmə də danışmırdı. Avropa mənbələri və səyyahları göstərirlər ki, yerli əhali və Səfəvilər onları “fars” yox, “tacik” adlandırırdılar”.
Akif Nağı diqqətə çatdırıb ki, hətta həmin əhali sarayda öz dilində danışmağa utanır, çəkinir və qarşı tərəfin türk dilini öyrənməyə çalışırdı:
“Orada məhz belə bir mühit hökm sürürdü. Bütün bu faktlar ortada olduğu halda, bu dövlətə necə “fars dövləti” demək olar? Əgər kimsə bu iddianı irəli sürürsə, deməli, İran siyasətinə və fars şovinizminə xidmət edir.
Çünki farslar yalandan bu məsələni ortaya ataraq Səfəvilərin fars dövləti olduğunu iddia edirlər. Bu gün Azərbaycanda kimsə bu cür mövqeyi müdafiə edirsə, birmənalı olaraq fars şovinizminə xidmət etmiş olur”.
Elmir Mustafa


