Sosial mediada Mərkəzi Parkda "Təndir hamamı" kimi tanınan memarlıq abidəsinin və onun yanında yerləşən qədim su quyusunun məlumat lövhələrinin yararsız hala salınması ilə bağlı məlumatlar yayılıb.
HİT.Az xəbər verir ki, məsələ ilə əlaqədar Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən "Report"a bildirilib ki, adıçəkilən ərazidəki məlumat lövhələri dövlət tərəfindən qoyulan standart lövhə deyil.
Qeyd edilib ki, hazırda mərhələli şəkildə həyata keçirilən layihə çərçivəsində tarix-mədəniyyət abidələrinə məlumat lövhələrinin quraşdırılması işləri davam etdirilir. Ötən il ərzində 1282 tarix-mədəniyyət abidəsində məlumat lövhəsi quraşdırılıb. Həmin hamama da Dövlət Xidməti tərəfindən məlumat lövhəsinin quraşdırılması nəzərdə tutulur.
"Həmin lövhə ərazidə abadlıq işləri görülərkən qoyulub. Lövhənin yararsız hala salınması məsələsinin araşdırılması dövlət xidməti tərəfindən diqqətdə saxlanılacaq", - qurumdan bildirilib.
Həmçinin qeyd olunub ki, Mərkəzi Parkın ərazisində yerləşən və "Təndir hamamı" kimi tanınan tikili yerli əhəmiyyətli memarlıq abidəsidir. Abidənin mövcud vəziyyətinin qorunmasına Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsi tərəfindən nəzarət həyata keçirilir. Abidədə 2025-ci ildə bərpa işləri aparılıb.




