Hər şeydə bir xeyir var... - Anar Əsədli yazır

19:23 / 20.06.2020
2123

Gündəmimiz COVİD19 virusunun həyəcanı və  pandemiya zamanı Operativ Qərargahın bir-birinə uyğun olmayan, anlaşılmayan qərarları, TƏBİB-in yarıtmaz fəaliyyəti və s.-lə dolu olsa da, digər təməl məsələləri də unutmamalıyıq. 

Dünən Respublikanın Baş prokurorunun əmri ilə iki xanım prokurorluq əməkdaşı vəzifədə irəli çəkilərək rayon prokurorları təyin edilib. Bu, həm də ilk dəfə olduğu üçün təqdir olunacaq bir haldır. Yeri gəlmişkən, bildirim ki, bu prokurorlardan biri mənim doğulduğum və sonuncu parlament seçkilərində namizədliyimi irəli sürdüyüm Zəngilan rayonuna təyin olunub. 

Dəyərli seçicilərimə üzümü tutub demək istəyirəm ki, koronavirus pandemiyasından dolayı bir sıra hüquqi işlərimiz yarımçıq qalmışdı. Amma bu, o demək deyil ki, biz  işləri yarıda buraxacaqdıq. Bildiyiniz kimi, fevral ayının 10-dan durmadan apardığımız hüquqi mübarizə nəticəsində bizim şikayətlərimiz əsasında MSK Seçki Məcəlləsinin müvafiq maddələrini əsas götürərək, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 13 məntəqəsinin nəticələrini ləğv edib. Azərbaycanda nəticələri ləgv edilmiş bütün məntəqə və dairələr üzrə seçki qanunvericiliyinin pozulması (cinayət əməlinin törədilməsi) artıq Mərkəzi Seçki Komissiyası və Konstitusiya məhkəməsi tərəfindən də təsdiq edilib.

Zəngilan-Qubadlı seçki dairəsində bu 13 məntəqənin üzvlərinin törətdikləri dövləti cinayət artıq bundan sonra ölkənin digər hüquq qurumu olan Baş Prokurorluq tərəfindən araşdırılmalı və cinayət əməllərinə yol vermiş şəxslərin məsuliyyətə cəlb olunması təmin edilməlidir. Nəzərə alsaq ki, Respublikaya yeni Baş prokuror təyin olunub və təyin etdiyi şəxslər də yeni kadrlardır, təbii ki, müsbət istiqamətdə fəaliyyət gözlənilir. 

Bu proseslərə dəyərli hüquqşünas Nicat Gözəlovun rəhbərliyi ilə iyul ayının 5-dən sonra başlayacağıq. Gələcəkdə keçiriləcək növbəti seçkilərdə yenə eyni cinayəti törətmək istəyən məntəqə üzvləri bu “əməl”dən çəkinsinlər deyə, biz bu addımı atmalı və Konstitusiyanın verdiyi bütün imkanlardan hüquqi müstəvidə istifadə etməliyik. Onlar anlamalıdır ki,  cəzası olmayan cinayət yoxdur! Biz bunu həm də ona görə etməliyik ki, gələcəkdə ən azından qorxu hissindən cinayət törətməyən kəslər hər hansı "siyasi qrupun" oyununda alətə çevirlməsin və cinayət maşası olmasın. Bu isə bizim normal seçki keçirməmiz üçün zəmin yaradacaq.

Bu gün formalaşan parlamentin 10 faizi xalqın iradəsinə uyğun olaraq seçilsəydi, indi hökumətin işinin müsbətə doğru istiqamət almasında  mühüm rol oynayacaqdı. Ən azından təşəbbüsləri ilə… 

“Hər şeydə bir xeyir var” şüarını tez-tez təkrarlayan xalqım koronavirusun da xeyrini bir məsələdə dəqiq gördü. Pandemiya uzun illərdir bildiyimiz bir həqiqəti bütün çılpaqlığı ilə ortaya qoydu - Xalqı sevmək və qulluğunda durmaq üçün  xalqın iradəsinə sayğı göstərməlisən! Bunun üçün xaricdə oxumaq və bir neçə dil bilmək vacib deyil. Xalqın dilini bilmək, onun iradəsinə sayğı göstərmək lazımdır ki, günlərin bir günü belə pandemiya ilə qarşılaşanda daha az itki ilə çıxa biləsən. Əks halda vəziyyət idarə olunmaz həddə qədər çata bilər...

0