Aprel döyüşlərini araşdıran komissiya: \"Bişkek protokolu\"na son qoyulub

11:48 / 11.05.2020
1579

Ermənistan parlamentinin 2016-cı il Aprel Döyüşlərinin detallarını araşdıran istintaq komissiyasının işi getdikcə daha maraqlı olur və diqqətəlayiq açıqlamalar vəd edir. Komissiyanın növbəti qonağının Ermənistan Respublikasının keçmiş Baş naziri Karen Karapetyan ola biləcəyi barədə məlumatlar yayılıb. Xatırladaq ki, Karapetyan bir dəfə parlament tribunasından diqqət çəkən bir bəyanat çıxış etməklə bildirib ki, Aprel döyüşləri zamanı hərbi texnika keyfiyyətsiz dizel yanacağı səbəbindən işə düşməyib. Yəqin ki, məhz bu açıqlama komissiyanın diqqətini çəkib.

Bundan əvvəl daha bir vacib məqam barədə xatırlatmaq lazımdır. Məlum olduğu kimi, Aprel döyüşləri zamanı Ermənistan Baş qərargahın rəhbəri olan Yuri Xaçaturov komissiya qarşısına çıxmaq dəvətini rədd etmişdi. Xaçaturov məlum olduğu kimi, aprelin 5-də Moskvada atəşkəs haqqında saziş imzaladı, bu, əslində 1994-cü il atəşkəs sazişini ləğv etmiş olur. Başqa sözlə, 1994-cü ildəki atəşkəs razılaşması Ermənistan, Qarabağda yaşayan ermənilər və Azərbaycan arasında üçtərəfli, 2016-cı il razılaşması isə Ermənistanla Azərbaycan arasında ikitərəfli qayda imzalanıb.

Erməni politoloq Andrias Qukasyan diqqətçəkən bir açıqlama verib.

“Xaçaturovun gəlməməsini, 5 apreldə Qarabağ erməniləri olmadan, təkcə Azərbaycan tərəfi ilə ayrıca separatçı müqavilə imzalaması ilə əlaqələndirirəm. Əslində, bu müqavilə ətrafında sonrakı inkişaf proseslərinin nəticəsidir ki, 14 aprel tarixində Azərbaycan Xarici İşlər Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının Baş katibi vasitəsi ilə, 1994-cü ildə bağlanan atəşkəs razılaşmasının ləğv edildiyini və aprelin 5-də Moskvada Azərbaycan və Ermənistan hərbi rəhbərləri arasında ikitərəfli müqavilənin qüvvədə olduğunu bildirərək, BMT-də məktub yayıb. Rəsmi nəşrləri izləsək, BMT-nin saytında 14 apreldə Azərbaycan tərəfindən yayılmış bir məktubun mövcud olduğu məlum olur. Başqa sözlə, Azərbaycan bu kartdan istifadə edərək üçtərəfli sülh sazişini ikitərəfli sazişlə əvəz etməyə çalışıb”, - deyə o qeyd edib.
Məlumata görə, yaxın vaxtlarda məhz bununla bağlı Ermənistanın keçmiş xarici işlər naziri Eduard Nalbandyan və həmin dövrdə Los-Ancelesdəki konsulun bu komissiyaya dəvət ediləcəyi istisna edilmir.

Erməni politoloq Robert Qevondyanın sözlərinə görə, komissiya məsələni araşdırırsa, Eduard Nalbandyanı dinləmək çox vacib olacaq.

“Xaçaturova gəldikdə deyə bilərəm ki, çox vacib bir amil qeyd olunur. Əgər, bunu təkbaşına edib və yuxarıdan göstəriş almayıbsa, sənədi kimin səlahiyyətinə əsasən imzalayıb, Ermənistan tərəfindən qərar qəbul edib, imzalamaq səlahiyyəti olubmu, yoxsa yox, bunu anlamaq, araşdırmaq və bunun səbəbini ortaya çıxarmaq, niyə bu cür alındığını tapmaq lazımdır”, - deyə politoloq bildirib.

Politoloqun fikrincə, lazım gələrsə, Azərbaycan imzalanmış sənəddən Ermənitana qarşı istifadə edə bilər.

“Ancaq hesab edirəm ki, Ermənistan tərəfi, Ermənistan və Qarabağ erməniləri olmaqla, Azərbaycanın addımlarından asılı olmayaraq, başqa bir hüquqi imkana malikdirlər. Bu hüquqi imkan isə müqavilənin uzunmüddətli perspektivdə heç bir hüquqi qüvvəyə malik olmadığı baxımından təqdim etməyə çalışmaqdır. Qarabağ ermənilərinin və Azərbaycanın müqavilənin müddəalarını dəstəkləməsinə, yəni atəşkəsin pozulmamasına riayət etməsinə baxmayaraq, danışıqlar prosesində bu razılaşma hüquqi qüvvəyə malik ola bilməz. Beynəlxalq hüquqda iştirakçı tərəflərdən birinin imzalamadığı sənəd etibarsızdır. Başqa sözlə, əgər Ermənistan və Qarabağ ermənilərinin iddia etdiyi kimi Qarabağın ayrıca bir hüquqi subyekt olduğunu iddia ediriksə, onda “Qarabağ”ın (qondarma qurum-red.) imzası hüquqi sənəd statusu alması üçün məcburi şərtdir. Atəşkəs rejiminin qorunmasına, Qarabağdan atəş açmamasından asılı olmayaraq, bunu Xaçaturovla Azərbaycanın müvafiq vəzifəli şəxsi arasında imzalanan sənədin öhdəliyi deyil, xoş iradənin təzahürü kimi təqdim edilə bilər”, - deyə o iddia edib.
Komissiyanın işinə və gözlənilən nəticələrə gəlincə, Qevondyan qeyd edib ki, aprel komissiyasının məqsəd və vəzifələrini başa düşmək lazımdır.

“Düşünürəm ki, komissiya aprel döyüşlərinin detallarını öyrənmək və bu dövrdə Ermənistanın çatışmazlıqlarını aşkar etmək üçün yaradılıb. Bu cür çatışmazlıqlar aşkar edilməszə, əslində nöqsanların olmamasını düşünmək mümkündür, hər şey öz yerinə düşəcək. Əgər çatışmazlıqlar olduğu ortaya çıxsa, o halda hansı nöqsanlardan söhbət getdiyini, yalnız siyasi nöqsanlardan, yoxsa hüquqi nöqsanlardan da getdiyi aydınlaşdırılmalıdır. İnsanlar məsuliyyətə cəlb edilməlidirlər ya yox? İndi məlumat çatışmazlığı olduğundan şərh verə bilmirik”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

0