“Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı əməkdaşlıq son illərdə keyfiyyətcə yeni mərhələyə keçərək təkcə dostluq münasibətləri deyil, həm də strateji tərəfdaşlıq xarakteri almağa başlayıb”.
Bu sözləri Milli Məclisin deputatı Azər Allahverənov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bu strateji tərəfdaşlıq həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərdə xüsusilə özünü biruzə verir:
“Bu, bütövlükdə Azərbaycan və Mərkəzi Asiya regionu arasında çox uğurlu bir tərəfdaşlıq spektrinin müəyyən olunması üçün geniş imkanlar yaradır. Xüsusilə də Azərbaycanın Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanla əlaqələri mahiyyət etibarilə strateji tərəfdaşlıq səviyyəsinə qaldırılıb. Bütün bunlar inkişaf etdirilən münasibətlər kontekstində özünü biruzə verən əməkdaşlıqlardır.
Üstəlik, ikitərəfli münasibətlərlə yanaşı, üçtərəfli elementlər də var. Məsələn, Azərbaycan-Türkmənistan-Özbəkistan münasibətləri üçtərəfli əsasda inkişaf etdirilən tərəfdaşlıq münasibətləridir. Bu da öz növbəsində gələcəkdə yeni əməkdaşlıq imkanlarının yaradılmasına gətirib çıxaracaq”.
Millət vəkili qeyd edib ki, bu proseslər bütövlükdə geostrateji dəyişikliklərin baş verməsi ilə yanaşı, iqtisadi, enerji və nəqliyyat sahəsində əlaqələrin inkişaf etdirilməsi üçün geniş zəmin yaradır:
“Bu da münasibətlərin strateji tərəfdaşlıq mərhələsinə çıxdığını göstərir. İlk növbədə nəqliyyat və logistika məsələlərini xüsusilə qeyd etmək lazımdır. Çünki Azərbaycan Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxışında əsas tranzit qovşaqlarından birinə çevrilməkdədir. Orta Dəhliz layihəsi bilavasitə ölkəmizdən keçməklə Şərqlə Qərbi əlaqələndirir. Bu proses hazırda daha çox Qazaxıstanın Aktau dəniz limanı üzərindən baş versə də, gələcəkdə Türkmənistanın Türkmənbaşı dəniz limanı üzərindən reallaşdırılmasına dair də geniş imkanlar açılacaq.
İstər Qazaxıstan, istərsə də Türkmənistan üzərindən keçən xətlər bütövlükdə Azərbaycan vasitəsilə reallaşır. Burada Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi, Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarının artırılması, yaxın gələcəkdə Ələt Beynəlxalq Hava Limanının istifadəyə verilməsi nəticə etibarilə Azərbaycan üzərindən yükdaşıma həcmlərinin artırılmasına gətirib çıxaracaq vacib proseslərdir”.
Həmsöhbətimiz vurğulayıb ki, bu isə Azərbaycan və Mərkəzi Asiya arasında olan inteqrasiya bağlarını daha da sıxlaşdırır:
“Digər bir sahə enerji sahəsində əməkdaşlıqdır. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji sistemlərinin inteqrasiya olunması, elektrik enerjisinin Xəzər dənizi və fiber-optik kabellər vasitəsilə Avropaya ötürülməsi layihələri geostrateji əhəmiyyətə malik çox vacib təşəbbüslərdir. Bu tərəfdaşlığın geosiyasi əhəmiyyətini artırmaqla yanaşı, iqtisadiyyatın digər sahələrində - investisiya, sənaye, maşınqayırma və xüsusilə aqrar sahədə münasibətlərin dərinləşməsinə zəmin yaradır.
Kənd təsərrüfatı, maşınqayırma, gəmiqayırma kimi sahələr iqtisadiyyatın vacib sütunlarıdır və Azərbaycan ilə Mərkəzi Asiya respublikaları arasında bu istiqamətdə qurulan əməkdaşlıq artıq strateji tərəfdaşlıq səviyyəsində icra olunur. Bu da böyük bir nailiyyətdir”.
Deputatın sözlərinə görə, digər vacib istiqamət rəqəmsal transformasiya dövrü ilə bağlıdır:
“İstər Qazaxıstan, istərsə də Özbəkistan rəqəmsal iqtisadiyyat, rəqəmsal idarəetmə və digər rəqəmsal formatlar üzərindən inkişaf strategiyasını uğurla həyata keçirən dövlətlərdir. Azərbaycanla da bu istiqamətdə əməkdaşlıq prioritet təşkil edir. Türküstanda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-rəsmi Zirvə görüşündə rəqəmsal transformasiya və rəqəmsal iqtisadiyyat məsələlərinin qabarıq şəkildə vurğulanması bu sahənin prioritet olduğunu bir daha göstərir.
Azərbaycan və Mərkəzi Asiya arasında olan əməkdaşlıq bu gün artıq C6 formatında özünü büruzə verməkdədir. Əgər əvvəllər Mərkəzi Asiyada Məşvərət Şurası formatı 5+1 şəklində idisə, bu gün Azərbaycan Məşvərət formatının tamhüquqlu üzvü qismində C6 formatında iştirak edir”.
Siyasətçi əlavə edib ki, artıq digər platformalarda da əməkdaşlığı görürük:
“Türk Dövlətləri Təşkilatı (TDT) formatındakı əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsindədir. Bundan əlavə, Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) və İslam Əməkdaşlıq Təşkilatında (İƏT) da bu münasibətlər qabarıq şəkildə özünü göstərir.
Məhz bu əməkdaşlığın nəticəsidir ki, cari ilin sentyabr ayında Mayamidə keçiriləcək G-20 sammitinə Azərbaycan, Qazaxıstan və Özbəkistan qonaq qismində dəvət olunub. Bu, çox böyük nailiyyətdir və Azərbaycan-Mərkəzi Asiya formatının vahid bir platforma üzərindən uğurla nəticə verdiyini göstərir”.
Azər Allahverənov söyləyib ki, dövlətlərarası münasibətlərin müxtəlif sahələrə transformasiya olunması Xəzər dənizi hövzəsində, Cənubi Qafqaz və Mərkəzi Asiyanın inteqrasiyasını daha da sürətləndirir:
“Həm Türk dünyasına çıxış nöqtəyi-nəzərindən, həm də Avropa ilə Mərkəzi Asiya arasında iqtisadi və nəqliyyat körpüsünün qurulması baxımından bu layihələrin uğurla həyata keçirilməsi təmin olunur. Əlbəttə ki, bu prosesdə Azərbaycanın rolu danılmazdır. Nəticə etibarilə, Azərbaycan və Mərkəzi Asiya respublikaları arasındakı münasibətlər ənənəvi ikitərəfli və ya üçtərəfli formatlardan çıxaraq geniş bir coğrafi ərazini özündə birləşdirir.
Nəqliyyat, enerji, yaşıl enerji, rəqəmsal transformasiya, logistika və investisiya proqramlarının reallaşdırılması ilə yanaşı, regional təhlükəsizlik məsələləri də xüsusi əhəmiyyət kəsb edir. Yeni arxitekturada Azərbaycan və Mərkəzi Asiyanın vahid mövqedən çıxış etməsi Avrasiya qitəsində yeni bir geosiyasi mərkəzin sürətlə formalaşdığını və dinamik inkişaf etdiyini göstərən vacib indikatordur”.
Elmir Mustafa



