Azərbaycan və Rusiya regionlararası əlaqələrin inkişafını müzakirə edib

İQTİSADİYYAT
11:19 / 03.04.2023
438

Azərbaycan və Rusiya arasında iqtisadi tərəfdaşlığın şaxələndirilməsi, regionlararası əlaqələrin inkişafı məsələləri müzakirə edilib, ölkəmizin əlverişli biznes və investisiya imkanları diqqətə çatdırılıb.

Hit.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, nazirlikdə Rusiya prezidentinin müşaviri Ruslan Edelgeriyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Nazir Mikayıl Cabbarov Rusiya ilə əlaqələrin müsbət inkişaf dinamikasını vurğulayıb, iqtisadi potensialın reallaşdırılmasında, ticarət və investisiya əlaqələrinin gücləndirilməsində işgüzar dairələr arasında tərəfdaşlığın intensivləşdirilməsinin önəmini qeyd edib. O, bildirib ki, Azərbaycanın əlverişli biznes-investisiya mühiti, işğaldan azad edilmiş torpaqlarımızın geniş potensialı regional əməkdaşlığın, o cümlədən Rusiya ilə tərəfdaşlığın inkişafı üçün yeni perspektivlər açır. Rusiya investorları, həmçinin, beynəlxalq dəhlizlərin kəsişməsində yerləşən Ələt Azad İqtisadi Zonasının nəqliyyat-logistika imkanlarından yararlana bilərlər. Nəqliyyat əlaqələrinin səmərəliliyin yüksəldilməsinin ikitərəfli əmtəə dövriyyəsinin artımında xüsusi rolunu vurğulayan nazir bu baxımdan Şimal-Cənub beynəlxalq nəqliyyat marşrutunun resurslarından istifadənin əhəmiyyətini diqqətə çatdırıb.

Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən R.Edelgeriyev Rusiyanın Azərbaycanla tərəfdaşlığa xüsusi önəm verdiyini, özəl sektorun fəallığının artırılmasının qarşılıqlı faydalı inkişafda rolunu qeyd edib, iqtisadi potensialın reallaşdırılması ilə bağlı fikirlərini bölüşüb. Rusiyanın Xarici İşlər Nazirliyinin və Azərbaycandakı səfirliyinin, Ticarət Nümayəndəliyinin, Çeçenistanın “Birincilərin hərəkatı” Ümumrusiya Dövlət Uşaq və Gənclər ictimai hərəkatının regional şurasının təmsilçilərinin də iştirak etdiyi görüşdə müxtəlif sosial-iqtisadi layihələrin həyata keçirilməsi imkanları nəzərdən keçirilib.

Tərəflər, həmçinin, Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın diversifikasiyasına, qarşılıqlı ticarətin həcmindəki dinamizmin qorunub saxlanılması üçün görüləcək işlərə, regionlararası, turizm və digər sahələrdə əlaqələrin inkişafına dair müzakirələr aparıblar.

0