Xana geri qayıdır? - Rəsul Abbasovla eksklüziv MÜSAHİBƏ

MAQAZİN
14:07 / 18.09.2023
3061

"Bəlkə də, yaxın gələcəkdə Rəsul və Xananın yeni duetləri ola bilər".

Bu sözləri məşhur aktyor Rəsul Abbasov HİT.az-a müsahibəsində deyib.

Eksklüziv müsahibəni təqdim edirik:

- Rəsul bəy, birinci "Astar şou" ilə başlayaq. Həmin layihə qısa müddətdə çox sevildi, yaxşı heyəti vardı və perspektiv vəd edirdi. Lakin sürpriz bir şəkildə yayımı dayandı. Maraqlıdır, "Astar şou" nə üçün davam etmədi? 
- Bəli, "Astar şou" qısa müddət ərzində izləyicilər tərəfindən maraqla qarşılandı. Hətta ilk efir həftəsindən kanallar arası reytinq cədvəlində yer tutmağa başladı. Buna görə "ATV" kanalının rəhbərliyi başda olmaqla, kanalın bütün kollektivinə və komandamızın rəhbəri Müşviq Abbasova xüsusi olaraq öz minnətdarlığımızı bildiririk. Çünki bizdən heç bir dəstəyi əsirgəmədilər və komanda daha da ruhlandı. 

Lakin layihənin yayımı dayanmayıb. Sadəcə yay fəsli gəldiyi üçün heyətin bir çoxu rayona və ya başqa ölkələrə istirahətə yollandılar. Biz də ona görə adət-ənənəyə sadiq qalaraq sezon finalı etdik. İnşallah oktyabr ayının ilk həftəsindən "Astar şou" tam yeni bir formatda tamaşaçıların qarşısına çıxacaq. Yanvar ayından etibarən isə "Astar şou"nun ikinci layihəsi də başlayacaq.

- Sizin Xana ilə duetləriniz çox sevilirdi, klipləriniz milyonlar tərəfindən izlənilirdi. Lakin qardaşının Vətən uğrunda gedən döyüşlərdə şəhid olmasının ardından Xana sənətdən getdi. Ötən həftələrdə isə onunla arxiv görüntülərdən ibarət bir video yayımladınız. Bu isə Xananın geri qayıda biləcəyi iddiasının yaranmasına səbəb oldu. Yaxın zamanda Rəsul və Xana yeni duetləri ilə fanatlarını sevindirə bilərlər?
- Bu sualı mütləq şəkildə gözləyirdim. Bildiyiniz kimi, mən 2014-2015-ci illərdən sosial şəbəkələrdə fəaliyyətə başlamışam və Allaha şükürlər olsun ki, zaman-zaman uğurlar qazanmışam. Bunun sayəsində də bir çox filmlərdə və seriallarda rol almışam. 2016-17-ci illərdə isə Xana xanımla ara-sıra bir çox qısa videolar çəkib paylaşırdıq və maraqla qarşılanırdı. Lakin Rəsulla Xananın yumor tipli mahnı və kliplər layihəsi 2018-ci ildə dostumuz, musiqiçi Aqşin Feratın səsyazma studiyasında sadəcə qısa bir videorolik fikrindən yarandı. Klipdən öncə səsyazma zamanı mən, Xana, Sənan Nur, Nicat İsmayıloğlu və başqaları bu layihənin sadəcə bir və yaxud iki klipdən ibarət olacagını düşünüb işə başladıq. Yəni elə də böyük gözləntilərimiz yox idi. 

Amma "Etiraf" klipi 2 gün ərzində "Youtube"da 1 milyon baxış sayı yığdı və aylarla trenddə 1-ci sırada qaldı. Kütlənin bir çox hissəsində bu yumor tipli janra maraq yarandığı üçün biz də bu konsepti daha da artırdıq. Üstəlik, Azərbaycanla yanaşı, bir çox ölkələrdəki konsertlərə, şou-proqramlara və toy-nişan tədbirlərinə dəvət aldıq. 2-3 il ərzində 10-dan çox klip çəkdik. Şükürlər olsun ki, onların hamısı milyonlarla baxış sayı topladı. Buna görə izləyicilərimizə də bir daha təşəkkür edirik, var olsunlar.

Sonrası isə məlum məsələdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə can sağlığı versin! 44 günlük Vətən müharibəsində Xana xanımın qardaşı da şəhadətə qovuşdu. Ruhu şad olsun! O andan etibarən Xana həm mənə, həm də izləyicilərimizə bu sənətdən getdiyini açıqladı.

Siz dediyiniz bir ay öncə yayımlanan köhnə kadrlardan hazırladığımız remix formatlı klip isə Xana xanımın icazəsi ilə olub. İzləyicilərimizin xahişini və tələbini nəzərə alaraq, onu dostum DJ Zamanbeats ilə birgə etdik. Həmin videodan sonra bir çox insan siz verdiyiniz sualı verir.

Amma hələ ki, o barədə heç bir dəqiq məlumat verə bilmirəm. Həyatımızın yarıdan çox hissəsi bəlkələrlə keçdiyi kimi bu layihə də bəlkə gələcəkdə yenidən alına bilər. Bəlkə də bu, yaxın gələcəkdə də ola bilər.

- Bəs Xana qayıtmasa, tezliklə başqa xanımla duetlər oxuyacaqsınız?
- Başqa bir xanımla duet olsa belə sırf həmin üslubda olmayacaq. Onu etsəm, bir az fərqli şəkildə hazırlayaram. Çünki Rəsul & Xana duetləri sırf Rəsul və Xana üçün yazılırdı. Düzdür, yeni işlərin sözlərini, ideasını və musiqisini də təbii ki, özüm yazacam. Amma tam başqa konseptə olacaq.

- Bəs başqa yeni layihələriniz varmı? Yeni mövsümdə serial və ya filmə çəkiləcəksiniz?
- Bəli. Bayaq dediyim kimi, "Astar şou" ilə yenidən "ATV" kanalında efirə qayıdacağıq. Həmçinin, "ATV"-də əlavə layihəmiz də olacaq. Bununla yanaşı, "Instagram" və "YouTube" üzərindən maraqlı qısa film və serial ideyalarımız da var. Hər şey hazırdır, sadəcə çəkilişlər qalıb.

- Son olaraq, Rəsul Abbasovu "Komedixana"da izləyə bilərik? Fanatlarınızın sizin də həmin layihədə olmağınızı çox istədiyini görürük...
- "Komedixana" heyətinə hər zaman uğurlar arzulamışam və arzulayıram. Artıq illərdir ki, onlar da insanların üzlərində böyük təbəssüm yaradırlar. İstər tamaşaçı, istərsə də sənətdə olan adam kimi "Komedixana"nın bütün heyətinə uğurlar arzu edirəm. Orada olan aktyor-aktrisa heyəti ilə gözəl münasibətim, hətta illərlə dostluğum olan xanımlar və bəylər var. Lakin özümüzün "ATV"də layhəmiz və komandamız olduğu üçün hələ ki, başqa bir layihədə yer almağı düşünmürəm.

Pərviz Şimşək

0