Əkinə yararsız torpağa malik olanlara 190 manat verilə bilərmi? 

İQTİSADİYYAT
19:05 / 24.04.2020
1109

Azərbaycanda pandemiyanın sosial-iqtisadi zərərini minimuma endirmək üçün bir sıra tədbirlər görülür ki, bunlardan biri də rəsmi işsiz statusunu almış şəxslərə 190 manat birdəfəlik yardımın verilməsidir. Təbii ki, bunun üçün də bir sıra kriteriyalar və şərtlər müəyyən olunub. Bunlardan biri də şəxslərin torpaq sahəsinə sahib olması və onu əkib-becərə bilməsi ilə bağlıdır.

Bir çoxları isə adlarına torpaq sahəsi olmasına baxmayaraq, bu torpaqların əkinə yararsız və ya müəyyən tikili üçün istifadə olunduğunu, lakin bu səbəbdən birdəfəlik ödənişin alınması ilə bağlı imtina cavabı aldıqlarını bildirirlər.

Bəs əkinə yararsız torpaqlara sahib olanlar birdəfəlik yardımı necə ala bilər?

Məsələ ilə bağlı "MediaPost"a açıqlama verən iqtisadçı-ekspert Rəşad Həsənov bildirdi ki, ümumilikdə işsizliyin təyinatı Beynəlxalq Əmək Təşkilatının müəyyən etdiyi qaydalar əsasında həyata keçirilir:

"Bu qaydalara görə, torpaq sahəsi olan vətəndaşlar məşğul əhali hesab olunur. Bu, həm pandemiya, həm də pandemiya olmayan dövrlərdə də belədir. Bu metodologiya hazırda dünya səviyyəsində müzakirə olunur. Azərbaycanda da işsizlik müəyyən olunarkən bu metodologiya istifadə olunur. Bizim torpaqların əhəmiyyətli bir hissəsi isə kənd təsərrüfatına yararlı olmaya bilir. Bəzən torpaqların bölgüsü kənd təsərrüfatı fəaliyyətinə uyğunlaşdırılmamış şəraitdə həyata keçirilib və ya bir çox insanların fiziki baxımdan bu torpaqlardan yararlanmaq imkanları yoxdur. Yaxşı olardı ki, pandemiya dövründə bu kimi məqamlar nəzərə alınsın və insanların bu məbləğə əlçatanlığı bərpa olunsun".

Ekspert əlavə edib ki, kənd təsərrüfatına yararlılıq baxımından torpaqların kateqoriyaları mövcuddur:

"2018-ci ilə qədər torpaqların hansı kateqoriyaya aid olması məlumdur: bu, 1, 2, 3 və 4 ola bilər. Çünki həmin vaxta qədər torpaq mülkiyyətçilərinə sosial sığortanın ödənişi torpağın hansı kateqoriyaya daxil olmasına uyğun olaraq differensiallaşdırılırdı. Bu, o deməkdir ki, həmin məlumat bazası hazırda da var və həmin bazadan istifadə edərək 1-ci və 2-ci kateqoriya torpaq sahiblərinə birdəfəlik ödənişin verilməməsi, 3-cü və 4-cü kateqoriya torpaq sahiblərinə verilməsi ilə bağlı yanaşma qoymaq olar. Proqram təminatını buna uyğunlaşdırmaqla həmin insanlara avtomatik imtina cavabının getməsinin qarşısını almaq olar mümkündür".

0