Şuşa və Trabzon şəhərləri qardaşlaşdı - YENİLƏNİB

ÖLKƏ
13:21 / 19.05.2026
129

Azərbaycanın Şuşa və Türkiyənin Trabzon şəhərləri arasında qardaşlaşma haqqında memorandum imzalanıb.

HİT.az xəbər verir ki, sənədi Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin başçısı Ahmet Metin Genç imzalayıblar.

Xatırladaq ki, Şuşa indiyədək 9 şəhərlə qardaşlıq, əməkdaşlıq münasibəti qurub. Bugünkü anlaşma memorandumu ilə bu say 10-a çatıb.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.

“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.

10.13

Hazırda Şuşada daha 3 yaşayış kompleksinin inşası üzrə işlər aparılır, ümumilikdə 43 binadan ibarətdir.

APA xəbər verir ki, bunu Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda “Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, binalar 5 mərtəbədən yüksək deyil. Aydın Kərimovun sözlərinə görə, bu, şəhərin görüntüsünə xələl gətirməmək məqsədi daşıyır: “Hazırda Şuşada 450 mənzildən ibarət 23 yaşayış kompleksində 377 ailə-1411 nəfər sakin yaşayır”.

Xüsusi nümayəndə diqqətə çatdırıb ki, Xankəndi ilə Şuşa arasında kanat yolunun inşası nəzərdə tutulur və artıq layihələndirmə işləri gedir: “Səfər 12 dəqiqədən çox olmayacaq. Bu, hər iki şəhərin turizm potensialıma mühüm töhfə verəcək. Şuşa turizm və mədəniyyət paytaxtı kimi bir çox yerli və beynəlxalq tədbirlərə ev sahibliyi də edir. Şuşa 9 şəhərlə qardaşlaşıb. Bu gün bizim qardaş Türkiyənin Trabzon şəhəri ilə də qardaşlaşma memorandumu imzalanacaq, beləliklə, qardaşlaşmış şəhərlərin sayı 10-a çatacaq”.

0