Tanınmış yazıçı vəfat etdi

18:28 / 10.06.2020
1455

Azərbaycanın tanınmış yazıçı-dramaturqu, şair, tərcüməçi, pedaqoq, ictimai xadim, əməkdar jurnalisti Aqşin Babayev vəfat edib.

HİT.Az xəbər verir ki, yazıçı bu gün səhər dünyasını dəyişib.

Aqşin Babayev 1936-cı ildə anadan olub. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib.

Əmək fəaliyyətinə tələbə vaxtı respublika radiosunda başlayıb. Türkiyə, ərəb ölkələrinə, İrana və Cənubi Azərbaycana verilişlər hazırlayan redaksiyaların baş redaktoru təyin edilib. Əsas işindən ayrılmadan 10 il (1969-1979) ingilis, fransız, alman və ispan dillərində çap olunan "Moskou nyus" qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri olub.

Azərbaycanın ictimai həyatı, mədəniyyəti, incəsənəti haqqında həmin qəzetin səhifələrində yazılar dərc etdirib.

Ü.Hacıbəyov, F.Əmirov, Q.Qarayev, Niyazi, T.Salahov kimi sənətkarları xarici ölkə oxucularına tanıtdırıb. 1959-cu ildən 1991-ci ilə qədər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb, 15 il (1976-cı ildən) Azərbaycan radiosu və xarici verilişlər üzrə sədr müavini olub.

1972-1975-ci illərdə Türkiyədə işləyib. Sədr müavini işləyərkən onun təməl daşını qoyduğu verilişlərdən biri bu gün də Cənubi Azərbaycana yayımlanan proqramlarda səslənən "Körpü"dür. O, radioya rəhbərlik etdiyi vaxtlar "Araz" radiostansiyasının verilişləri səhər erkən efirə çıxdı. "Səhər" proqramı fəaliyyətə başlayıb.

Televiziya və Radio Verilişlərinin Bədii Şurasına rəhbərlik edib, mahnı və diktor müsabiqələrində münsiflər heyətinin sədri olub.

Milli Məclisdə mətbuat xidməti 1991-cı il mart ayının 1-də yaradılıb. Onun ilk rəhbəri də Aqşin Babayev olub. O, bu vəzifədə 15 il işləyib.

A.Babayev 1970-ci ildə "Əmək rəşadətinə görə" medalı ilə təltif edilib, 1987-ci ildə "Əməkdar jurnalist" fəxri adına, 2004-cü ildə II dərəcəli Dövlət müşaviri rütbəsinə layiq görülüb.

0