Tanışlıq tətbiqlərində "çatfişinq" populyarlaşır: Bu nədir?

TEXNO
21:35 / 21.07.2026
60

Süni intellekt internetdə tanışlıq qaydalarını dəyişməyə başlayır. Getdikcə daha çox tanışlıq tətbiqi istifadəçisi "ChatGPT", "Gemini", "Claude" və digər süni intellekt əsaslı çat-botlara təkcə profil məlumatlarını hazırlamağı deyil, həm də potensial tərəfdaşlarla yazışmaları aparmağı həvalə edir. Bu yeni tendensiya artıq "çatfişinq" adlandırılır və bazar iştirakçıları etiraf edirlər ki, hələlik bununla necə mübarizə aparacaqlarını bilmirlər.

HİT.az xəbər verir ki, bu barədə "Bloomberg" jurnalı yazıb. Nəşrin məlumatına görə, "çatfişinq" mövzusunda müzakirələrin sayı sürətlə artır. İstifadəçilər "Reddit" və "TikTok" platformalarında bu barədə kütləvi şəkildə təcrübələrini bölüşürlər. Ötən yay isə bu termin üzrə axtarış sorğularının sayı təxminən 5000 faiz artıb.

Məqalənin qəhrəmanlarından biri ABŞ-ın Virciniya ştatından olan 27 yaşlı Brianna Dobsondur. O, "Tinder" vasitəsilə tanış olduğu şəxsin cavablarının həddindən artıq "mükəmməl" olduğunu və daha çox süni intellekt tərəfindən yazılmış mətnləri xatırlatdığını hiss edib. Xüsusilə, ona ünvanlanan "həyatının hər anı üçün ayrıca pleylist hazırlayan insan enerjisinə sahibsən" komplimenti qadında şübhə yaradıb.

Qadın qarşı tərəfdən birbaşa "ChatGPT"dən istifadə edib-etmədiyini soruşduqda, kişi əslində "Claude"dan yararlandığını etiraf edib. Bununla belə, onun özü flört edə bilmədiyi düşüncəsinin irəli sürülməsindən narazı qalıb. Brianna Dobsonun sözlərinə görə, bundan sonra kişinin yazışma tərzi kəskin dəyişib və ünsiyyət zəifləyib.

Generativ süni intellekt gündəlik ünsiyyətin ayrılmaz hissəsinə çevrildikcə, getdikcə daha çox insan "ChatGPT", "Claude" və digər neyroşəbəkələrdən mesajlarını redaktə etmək, fikirlərini daha düzgün ifadə etmək və uyğun cavab hazırlamaq üçün istifadə edir. Bəziləri isə cavabların tam yazılmasını, hətta telefon danışığı ssenarilərinin hazırlanmasını da süni intellektə həvalə edir.

Bəzi istifadəçilər tanışlığın niyə uğursuz alındığını anlamaq üçün yazışmalarını "ChatGPT"yə yüklədiklərini bildirirlər. Süni intellekt ünsiyyət tərzini, yazışma tempini və qarşı tərəfi uzaqlaşdırmış ola biləcək səhvləri təhlil etməyə kömək edir.

Lakin bir çoxları bu yanaşmanı dürüst hesab etmir. Yazışmaların əhəmiyyətli hissəsini süni intellekt aparırsa, ekranın o biri tərəfindəki şəxs əslində qarşısındakı insanı deyil, dil modelinin imkanlarını tanımış olur.

Ən böyük tanışlıq platformalarının nümayəndələri də problemin mövcudluğunu qəbul edirlər. Tərkibinə "Tinder", "Hinge" və "OKCupid"in daxil olduğu "Match Group"un rəhbəri Spenser Raskoff bildirib ki, şirkət böyük dil modellərindən geniş istifadə olunduğunu bilir, lakin bu hallarla bağlı vahid siyasət hələ formalaşdırılmayıb.

Onun sözlərinə görə, "ChatGPT"dən dost məsləhəti kimi uğurlu cavab almaq başqa məsələdir, şəxsi ünsiyyəti tamamilə süni intellektlə əvəz etmək isə tamamilə fərqli yanaşmadır. Şirkət bu cür funksiyaların tətbiqlərə birbaşa inteqrasiyasının nə dərəcədə məqsədəuyğun olduğunu müzakirə etməyə davam edir.

"Hinge"in baş icraçı direktoru Ceki Cantos da oxşar mövqe sərgiləyir. Onun fikrincə, tanışlıq həmişə çətin proses olub, lakin insanların özləri kimi qalması vacibdir. Çünki uzunmüddətli münasibətlərin əsasını səmimilik təşkil edir.

Bununla yanaşı, tanışlıq tətbiqləri öz xidmətlərinə süni intellekt funksiyalarını fəal şəkildə əlavə edirlər. Məsələn, "Bumble" bu yaxınlarda "Dates" funksiyasını təqdim edib. Bu funksiya istifadəçilərin dəyərlərini, münasibət məqsədlərini və həyat tərzini təhlil edərək daha uyğun cütlüklər seçir. Bununla belə, xidmət istifadəçinin adından mesaj yazmır və yazışma aparmır.

"Match Group" və "Kinsey" İnstitutunun araşdırmasına əsasən, ABŞ-da böyüklərin təxminən 26 faizi artıq tanışlıq məqsədilə süni intellektdən istifadə edib. Bu istifadə sahələrinə ən uyğun fotoların seçilməsi, profil təsvirlərinin və ilk mesajların hazırlanması daxildir. Z nəslinin nümayəndələri arasında bu göstərici 49 faizə çatır.

Mütəxəssislər bildirirlər ki, "çatfişinq"in əsas problemi yalnız mümkün aldatma deyil, həm də məxfilik məsələsidir. Yazışmaları təhlil etdirmək üçün istifadəçilər şəxsi mesajlarını üçüncü tərəf süni intellekt xidmətlərinə yükləyirlər ki, bu da əlavə məxfilik riskləri yaradır.

Tədqiqatçılar hesab edirlər ki, onlayn tanışlıqda süni intellektdən istifadə ilə bağlı hələ də aydın qaydalar mövcud deyil. Bununla belə, insanların əksəriyyəti neyroşəbəkələrdən aldatmaq üçün deyil, özlərinə uyğun tərəfdaş tapmaq şansını artırmaq məqsədilə istifadə edir.

Əvvəllər "Anthropic" şirkəti iri texnologiya şirkətlərini süni intellektin inkişaf tempini ləngitmək üçün razılaşma bağlamağa çağırmışdı. Şirkət hesab edir ki, ən yeni süni intellekt modelləri rekursiv özünüinkişaf mərhələsinə yaxınlaşır və bu, bəşəriyyət üçün risklər yarada bilər.

Bundan başqa, yeni araşdırma göstərib ki, ofis əməkdaşları getdikcə süni intellektin fəaliyyətinə nəzarət edən "dayələrə" çevrilirlər. Onlar həftədə altı saata qədər vaxtlarını süni intellektin işini yoxlamağa sərf edir ki, bu da yorğunluq və narazılıq yaradır.

Samir
 

0