ABŞ-ın Yaxın Şərq üzrə milli kəşfiyyat direktorunun keçmiş müavini Conatan Panikoff bildirib ki, İrana qarşı daha güclü zərbələr Tehran hakimiyyətini güzəştə getməyə məcbur etməyəcək.
HİT.az xəbər verir ki, bu barədə "Washington Post" (WP) məlumat yayıb.
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın administrasiyası hesab edir ki, İrana qarşı daha sərt hücumlar davam etdirilərsə, Tehran danışıqlarda güzəştlərə gedəcək. Lakin ekspert bu qiymətləndirmənin "demək olar ki, şübhəsiz yanlış olduğunu" vurğulayıb.
Panikoff həmçinin Trampın İrana quru qoşunları ilə müdaxilə edəcəyi barədə açıqlamalara şübhə ilə yanaşıb.
"Bu, mənim üçün çətin məsələdir, çünki ABŞ-ın çoxlu yaxşı variantının olduğunu düşünmürəm. Siz bu münaqişədə əhəmiyyətli gərginləşmələrin davam etdiyini, ardınca sakitlik dövrlərinin gəldiyini və daha sonra döyüşlərin yenidən başladığını görəcəksiniz", deyə o bildirib.
Nəşr həmçinin yazır ki, ABŞ kəşfiyyatının qiymətləndirməsinə əsasən, İran hökumətinin amerikalıların yeni zərbələrindən sonra danışıqlardakı mövqeyini yumşaltması ehtimalı azdır.
İyulun 21-də "Axios" nəşri yazıb ki, Tramp hazırda regiondakı vasitəçilər — Qətər, Misir, Pakistan və digər ölkələrin təklif etdiyi İranla 10 günlük atəşkəs variantı ilə münaqişənin daha da genişlənməsi arasında seçim edir.
İyulun 17-də İran ABŞ-ın İslam Respublikasına qarşı zərbələri davam etdirəcəyi təqdirdə "tam məhv mərhələsinə" keçəcəyi ilə hədələyib.
İyulun 20-də İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi bildirib ki, Tehran vasitəçilər vasitəsilə ABŞ-dan münaqişənin gərginliyinin azaldılması və atəşkəsin əldə olunması ilə bağlı təklif alıb.
"Washington Post" isə yazıb ki, ABŞ İranla genişmiqyaslı müharibəyə qayıtma həddindədir.
Samir


