Antarktida buzlaqların altında şəhər böyüklüyündə dəniz canlıları koloniyası aşkar edildi

DÜNYA
20:56 / 21.07.2026
54

Alimlər Antarktidadakı Filxner buzlağını deşərək sualtı mühitə avtonom robot göndəriblər. Araşdırma zamanı Ueddell dənizinin dibində ölçüsünə görə bütöv bir şəhərlə müqayisə edilən nəhəng balıq yuvası koloniyası aşkar edilib. 

HİT.az xəbər verir ki, bu barədə "The Times of India" nəşri yazıb.

Koloniya təxminən 240 kvadratkilometr ərazini əhatə edir ki, bu da ABŞ-nin Orlando şəhərinin sahəsinə yaxındır. Tədqiqatçılar burada təxminən 60 milyon balıq yuvası qeydə alıblar və hər bir yuvanı bir balıq qoruyur.

Bu nəhəng koloniyanın sakinləri buz balıqlarıdır. Onlar qeyri-adi xüsusiyyətləri ilə seçilirlər. Bu balıqların qanında hemoqlobin olmadığından qanları demək olar ki, şəffafdır.

Bundan başqa, onların orqanizmi xüsusi "antifriz" maddələri sintez edir. Bu maddələr balıqların sıfırdan aşağı temperaturda olan suda belə donmasının qarşısını alır.

Araşdırmaya əsasən, hər bir yuva diametri təxminən 75 santimetr olan dairəvi çuxurdur. Balıqlar burada qum qatını təmizləyərək xırda daşlardan ibarət əsas hazırlayırlar.

Hər yuvada orta hesabla 1700 kürt yumurtası olur. Balalar çıxana qədər onlara adətən erkək balıq nəzarət edir.

Koloniya boyunca orta sıxlıq hər kvadratmetrə təxminən 0,26 yuva təşkil edir.

Alimlər balıqların məhz bu ərazini seçməsinin səbəbini də müəyyən ediblər.

Filxner çökəkliyi vasitəsilə buraya daha isti dəniz axını daxil olur və nəticədə dənizin dibi ətraf ərazilərlə müqayisədə təxminən 2 dərəcə Selsi daha isti olur.

Bu fərq kiçik görünsə də, buz balıqları üçün burada Yer kürəsinin məlum ən böyük kürü tökmə koloniyasını yaratmaq üçün kifayət edir.

Lakin çoxalma mövsümündə bu ərazi təhlükəsiz qalmır.

Peyk məlumatları göstərir ki, həmin dövrdə suitilər müntəzəm olaraq bu əraziyə gəlir və balıqlar onlar üçün zəngin qida mənbəyinə çevrilir.

Tədqiqatçılar dənizin dibində çoxlu balıq qalıqları aşkar ediblər ki, bu da koloniyanın bütün sakinlərinin çoxalma mövsümünü sağ başa vurmadığını göstərir.

Alimlər hesab edirlər ki, bu unikal koloniya xüsusi mühafizə statusuna layiqdir və kəşf Ueddell dənizində dəniz qoruqlarının genişləndirilməsi ilə bağlı təklifləri daha da gücləndirib.

Samir
 

0