Çinin BrainCo şirkəti "beyin-kompüter" interfeysi (BCI) vasitəsilə robotların idarə olunması üçün platforma təqdim edib. Yeni sistem Şanxayda keçirilən Ümumdünya Süni İntellekt Konfransında (WAIC) nümayiş etdirilib.
HİT.az xəbər verir ki, bu barədə "The Next Web" məlumat yayıb.
"Brain-Controlled Robot AI Platform" adlı yeni texnologiya düymələrdən, səsli əmrlərdən və ya jestlərdən istifadə etmədən robotlara göstərişlər ötürməyə imkan verir.
İstifadəçi beyin fəaliyyətindəki elektrik siqnallarını oxuyan elektroensefaloqrafiya (EEQ) başlığı taxır. Daha sonra süni intellekt alqoritmləri insanın niyyətini müəyyən edir və onu robot üçün əmrlərə çevirir.
BrainCo şirkətinin məlumatına görə, beyin siqnalının qeydə alınmasından hərəkətin yerinə yetirilməsinə qədər olan tam proses 200 millisaniyədən az vaxt aparır.
Təqdimat zamanı bu üsulla idarə olunan robot manipulyator fincanı götürə və almanı qaldıra bilib.
Şirkət qeyd edib ki, platforma müxtəlif robot sistemləri ilə uyğun gəlir. Buraya humanoid robotlar, sənaye manipulyatorları və dördayaqlı robotlar daxildir. Bu isə texnologiyanı xüsusi avadanlıq hazırlamadan mövcud layihələrə inteqrasiya etməyə imkan verir.
İdarəetmə sistemindən əlavə, BrainCo fiziki dünya ilə robot qurğular vasitəsilə qarşılıqlı əlaqə yaradan "embodied AI" modellərinin hazırlanması üçün məlumat toplama həllini də təqdim edib.
Şirkətin bildirdiyinə görə, bu cür sistemlərin inkişafında əsas problemlərdən biri insanın obyektlərlə qarşılıqlı əlaqəsi barədə keyfiyyətli məlumatların çatışmazlığıdır.
Bu problemin həlli üçün BrainCo iki robotlaşdırılmış qola və operatorun hərəkətlərini qeydə alan sensor əlcəyə malik mobil kompleks hazırlayıb.
Sistem eyni zamanda müxtəlif hərəkətlər zamanı istifadəçinin beyin siqnallarını qeydə alaraq gələcək süni intellekt modelləri üçün təlim məlumatları toplusu yaradır.
Samir


